Əmək Nazirliyi 818 boş iş yerini tələbə və məzunlara təqdim edib

Posted by

Əmək Nazirliyi 818 boş iş yerini tələbə və məzunlara təqdim edib

Əmək Nazirliyi 818 boş iş yerini tələbə və məzunlara təqdim edib

Əmək Nazirliyi 818 boş iş yerini tələbə və məzunlara təqdim edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında daha bir aktiv məşğulluq tədbiri mayın 16-da Qafqaz Universitetində keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədinə xidmət edən tədbirdə “Ata Holdinq” ASC, “Azərcell Telekom” MMC, “Bakcell LTD” MMC, “Azərfon” MMC, “Qarant Sığorta” ASC, “Azərsun”MMC, “Parabank” ASC, Qaradağ Sement ASC, “Nurgün Motors” MMC və digər iri şirkətlərin də daxil olduğu ümumilikdə 113 müəssisə tərəfindən 818 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 726-sı özəl sektora, 92-si isə dövlət sektoruna aid müəssisələrdədir. Müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün tədbirdə Səyyar Əmək Birjasının fəaliyyəti də təşkil olunub.

Tədbirdə tələbələrlə və ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələr yaradılıb. Tələbə və məzunlar müasir əmək bazarı, yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlanıb, gələcəkdə işləmək istədikləri müəssisələrin nümayəndələrinə öz CV-lərini təqdim ediblər. Eyni zamanda, işəgötürənlər tədbir zamanı gələcəkdə işə cəlb etmək üçün ixtisaslı kadrlar seçmək imkanı da əldə ediblər.

Məlumat üçün bildirək ki, cari ilin ötən dövründə tələbə və məzunlar üçün “Odlar Yurdu” Universitetində və Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirakı ilə) aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlərdə 376 nəfərə boş iş yerlərinə göndəriş verilib, 78 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıb. “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

 

Trend.az