Milli Məclisin sədri Oqtay Əsədov Çexiyaya səfər edəcək
. Dekabrın 4-6-da Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Çex Respublikasına rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka jurnalistlərə açıqlamasında deyib.
Səfir 2015-ci il yanvarın ikinci yarısında Çexiya ticarət və sənaye naziri Jan Mladekin bir qrup çexiyalı iş adamı ilə birlikdə Azərbaycanda səfərdə olacağını da açıqlayıb: “Hazırda bu səfərin detallarını Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə dəqiqləşdiririk”.
Diplomat qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: “Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardır. İki ölkə arasında əlaqələrdə enerji resurslarının payı 26-27 faizdir. Əməkdaşlığımız əsasən bu sahədədir. Lakin digər sahələrdə də perspektivlər və planlar var. Bizim iş adamlarımız Azərbaycanın sığorta sektoruna 500 milyon dollara yaxın sərmayə yatırıb. Eyni zamanda alternativ enerji sahəsində əməkdaşlıq etmək istəyirik. Çexiyanın 2020-ci ilə qədər günəş enerjisi ilə bağlı xüsusi proqramı var və bu istiqamətdə Azərbaycanla tərəfdaşlıq edə bilərik. Mən tapşırıq almışam ki, ikitərəfli əlaqələri maksimum səviyyədə inkişaf etdirim”.
Trend.az