Mahabad şəhərinin meri: “Azərbaycanlı qardaşlarımızı şəhərimizə sərmayə yatırmağa dəvət edirik”

Posted by

Mahabad şəhərinin meri: “Azərbaycanlı qardaşlarımızı şəhərimizə sərmayə yatırmağa dəvət edirik”Mahabad şəhərinin meri: “Azərbaycanlı qardaşlarımızı şəhərimizə sərmayə yatırmağa dəvət edirik”

Mahabad şəhərinin meri: “Azərbaycanlı qardaşlarımızı şəhərimizə sərmayə yatırmağa dəvət edirik”

“Turizm, sənaye və kənd təsərrüfatı sahəsində azərbaycanlı qardaşlarımızı şəhərimizə sərmayə yatırmağa dəvət edirik”.

 

APA-nın xəbərinə görə, bu sözləri azərbaycanlı jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan vilayəti valisinin müavini, Mahabad şəhərinin meri Cəfər Kətani deyib.

 

Onun sözlərinə görə, Azərbaycan İran üçün dost və eyni məzhəbdən, eyni dindən olan qonşu ölkədir: ” Biz Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıyıq”.

 

Şəhər haqqında danışan mer bildirib ki, Mahabad Qərbi Azərbaycan vilayətinin turizm, kənd təsərrüfatı və sənaye sahəsində geniş potensiala malik şəhərlərindən biridir. O, şəhərə məxsus Səhulən mağarasını genişləndirərək, turizm mərkəzinə çevirməklə bağlı planlarının olduğunu qeyd edib: “Mahabad kənd təsərrüfatı, xüsusilə quşçuluq və bağçılıq üzrə vilayətin qabaqcıl şəhərlərindən biridir. Əyalətin ən böyük sənaye kompleksi də məhz bu şəhərdə yerləşən neft-kimya zavodudur. Bu zavodun yaxın 2 ay ərzində açılışı olacaq. Neft-kimya zavodunun tikintisi özəl şirkət tərəfindən həyata keçirilir. Onun xammalı İranın Əsəulə şəhəri tərəfindən təmin olunacaq. Kirmanşah əyalətindən Qərbi Azərbaycan əyalətinə kimi boru xətti çəkilib və bu kəmər vasitəsilə xammal həmin zavoda köçürüləcək. Zavod ildə 300 min ton polietilen istehsal edəcək. Orada istehsal olunan məhsullar təkcə Mahabadı deyil, digər qonşu 4 vilayəti də əhatə edəcək”.

 

C.Kətaninin sözlərinə görə, Mahabad vilayətin kürdlərin əksəriyyət təşkil etdiyi bir bölgəsidir: “Burada 98 faiz kürd, 2 faiz isə azərbaycanlı yaşayır. Mahabad Qərbi Azərbaycan vilayətində sünni məzhəbinə qulluq edən əhalinin yaşadığı bölgədir. Ölkənin məsul şəxslərinin iradəsi ilə bu bölgə günbəgün inkişaf edir. Bölgədəki sabitlik rəhbərliyin düşünülmüş siyasətinin və İslam sisteminin gücünü göstərir. Təhlükəsizlik və güc Mahabad da daxil olmaqla ölkənin bütün bölgəsini inkişafa doğru aparır. Bölgədə müxtəlif dinlərin və etniklərin nümayəndələri yaşayır. Bu, uzun illərdir belə davam edir və onlar arasında heç bir gərginlik yoxdur”.

 

Şəhər meri yaxın vaxtlarda Mahabad Xüsusi İqtisadi Zonasının yaradılacağını deyərək, bununla qonşu ölkələrə ixracat mallarının daşınmasının daha rahat və əlverişli şəkildə həyata keçiriləcəyini qeyd edib.

 

APA.az