Mübariz Əhmədoğlu: Ermənilər üzərində Azərbaycanın iqtisadi, siyasi, hərbi üstünlüyü psixoloji üstünlüyü də təmin etdi
Dağlıq Qarabağ münaqişəsi regionunda Ermənistanın davranışı indiki vəziyyətin yaradıcısıdır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionunda işlətdiyi silahların çapını artırır: “Bunu ermənilər müxtəlif insidentlər dövründə Azərbaycan tərəfdən istifadə olunmuş silahlarla bağlı yaydığı məlumatlarından aydın görə bilərlər. Azərbaycan tədricən silahların çapını artırmaqla özünü müharibəyə hazırlayır. Ermənilər Azərbaycanın güclənməsini, silahlanmaya çoxlu pul xərcləməsini, qoşunların təmas xəttində insidentlərin sayının artmasını, istifadə olunan silahların çapının yüksəlməsini etiraf edirlər, amma Dağlıq Qarabağda müharibənin olmayacağına da inanırlar. Nadanlıqları ermənilərə baş verənlərdən düzgün nəticə çıxarmağa imkan vermir”.
M.Əhmədoğlunun sözlərinə görə, hərbi əməliyyatlara başlamaq nöqteyi-nəzərindən Azərbaycan ordusu yerində dayanmayıb, irəliyə doğru inkişafdadır: “Ola bilər Azərbaycan hərbçisinin Ermənistan üzərinə müharibəyə hazırlaşmaq sürəti Ermənistanı qane etmir. Bu fikri təsadüfən demirik. Ermənilər çoxdan Azərbaycan tərəfdən müharibə gözləyirlər. Hətta erməni tarixində ən yüksək səviyyəyə qalxmışlardan biri, ABŞ prezidentinin müsəlman dünyası üzrə keçmiş müşaviri Edvard Cerecyan da Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəni 2014-cü ilə proqnozlaşdırıb. Onun digər proqnozu isə ermənilərin bu müharibədə məğlub olacağıdır”.
Politoloq hesab edir ki, ermənilərin Azərbaycan əsgərinin müharibəyə hazırlıq sürətindən narazı qalması Ermənistanın daxilində lazım olan psixoloji durumu yaradıb: “Ermənilər avqust insidentlərindən özlərini qalib çıxmış hesab edirlər. Ermənilər Azərbaycan hərbçilərini ələ salırlar; Guya silah alıblar, amma işlədə bilmirlər; Movses Akopyan Azərbaycan aviasiyasını az qala fitlə qovur. Ermənistanın rəhbərliyi əhalini inandırmışdı ki, əvvəlki Dağlıq Qarabağ müharibəsindən nəticə çıxararaq çox güclü Hava Hücumundan Müdafiə (HHM) sistemi qurublar. Azərbaycan hərbçisini silah işlətməyi bacarmayan hesab etməklə bu tezisi daha da möhkəmləndirirdilər. Məhz belə dövrdə İlkin Muradov erməni vertolyotunu vurdu. Ermənilərin bacarıqsız hesab etdiyi Azərbaycan hərbçisi onların 12 vertolyotdan ibarət eskadrilyonun komandir ekipajını məhv etdi. Bununla da qoşunların təmas xəttində psixoloji vəziyyət dəyişdi. İndi bəlli oldu ki, Ermənistanın HHM sistemi ideal deyil, Azərbaycan hərbçisi də bacarıqlıdır. Serj Sərkisyanın Azərbaycan tərəfindən Dağlıq Qarabağ səmasını bağlı zona elan etməsindən sonra vertolyotla Dağlıq Qarabağ ərazisinə gəlməsini emosional və ağılsız addım hesab etmək olar. Görünür, S.Sərkisyan başa düşüb ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən diqqəti yayındırmaqdan ötrü yüksəkçinli ermənilərdən qurbanlar verilməlidir”.
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ müharibəsinin başlanmasından 27 il ötüb: “Ermənilər külli miqdarda geosiyasi və maliyyə resursu xərcləyiblər, amma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıda bilmədilər. Geosiyasi konfiqurasiya Dağlıq Qarabağın tanınması üçün heç bir imkan yaratmır. İndiki geosiyasi konfiqurasiyanı rəsmi Yerevanın anlamaq istəməməsi Ermənistanın dövlət müstəqilliyini sual işarəsi altına qoyub”.
Politoloq vurğulayıb ki, heç bir dövlət indiki vəziyyətdə Dağlıq Qarabağ məsələsində Ermənistanın istədiyini ona verə bilməz: “Qarabağ klanı Ermənistanı Rusiyanın quberniyası etsə, ABŞ və Avropadakı erməniləri RF xüsusi xidmət orqanlarının əməkdaşlarına çevirsə də belə RF Dağlıq Qarabağdan ötrü açıq müharibəyə getməyəcək. Rusiya bu regionda kəskin hərəkətlərə başlayacağı təqdirdə Azərbaycanı, Türkiyəni, İranı birdəfəlik itirəcək. Qazanacağı indiki vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin müəyyən müddətə yubanması olacaq”.
M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının vaxtı ötüb: “Dağlıq Qarabağın müstəqilliyinin tanınmamasının ən böyük təminatı indiki Ermənistan rəhbərliyinin konkret seçim edə bilməməsi və savadsızlıqlarıdır. Ermənistan rəhbərliyinin belə siyasəti Dağlıq Qarabağın tanınmasının nəzəri ehtimalını da sıfır edir”.
Trend.az