Ölkənin ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb

Posted by

Ölkənin ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıbÖlkənin ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb

Ölkənin ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, 50-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, ölkənin ixrac imkanlarının genişləndirilməsinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin formalaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, ixracyönümlü məhsul istehsalının və ölkənin ticarət əlaqələrinin artdığını vurğulayıb.

Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə sahibkarlığın davamlı inkişafı məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Bunun nəticəsidir ki, ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun payına düşür. Hazırda ölkənin rayonlarında müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir.

Şahin Mustafayev vurğulayıb ki, daxili təlabatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlər görülür. Bu il Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Bundan əlavə, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl dövlətlərin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar. Hazırda rəqabətqabiliyyətli yerli mallar, o cümlədən kənd təsərrüfatı məhsulları ənənəvi bazarlarla yanaşı, yeni xarici bazarlara da ixrac edilir. Bununla belə, ölkəmiz müxtəlif məhsulların ixracı sahəsində daha geniş potensiala malikdir. Nazir bu sahədə işin uzunmüddətli müqavilələr əsasında təşkilinin, keyfiyyətli məhsul istehsalının, beynəlxalq standartlara uyğun markalanmanın və qablaşdırmanın vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin, eləcə də ixrac imkanlarının genişləndirilməsinə dair fikirlərini bölüşüb, müxtəlif təkliflər səsləndiriblər.

Təkliflərin öyrənilməsi və tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

 

AzərTac.az