Leyla Əliyevanın təşəbbüsü ilə Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyası keçirilib

Posted by

Leyla Əliyevanın təşəbbüsü ilə Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə genişmiqyaslı xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Xilaskar İsa Kafedral Kilsəsi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində Moskvada genişmiqyaslı xeyriyyə aksiyaları keçirmişdir.

 

Trend AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyi əlamətdar günlərdə və bayramlarda xəstə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları diqqət və qayğıdan kənarda qoymur. Bu dəfə də Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənələrinə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskva uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzində, eləcə də Moskvadakı 43 nömrəli Xüsusi Uşaq Evində olmuşlar. Uşaqlara tibbi yardım Elmi-Təcrübi Mərkəzi artıq 10 ildir ki, körpə və 18 yaşınadək uşaqlara xüsusi tibbi yardım göstərir. Burada anadangəlmə inkişaf qüsurları və kəllə-çənə-üz nahiyəsinin, eləcə də hərəkət-dayaq aparatının deformasiyası olan, bədxassəli və xoşxassəli şişlərin bütün növlərindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqların kompleks reabilitasiya müalicəsi aparılır.

 

Fondun əməkdaşlarını səmimi qarşılayan Mərkəzin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Kompleksin qış bağında bayram konserti keçirilmiş, klounlar, estrada artistləri, Moskvanın uşaq yaradıcılıq kollektivlərinin üzvləri uşaqların və valideynlərin qarşısında çıxış etmişlər. Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə alan uşaqlarla görüşmüş, onlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını çatdırmışlar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar və kitablar, bayram səbətlərində şirniyyatlar, çay və mürəbbə hədiyyə etmişlər. Mərkəzə tozsoran və digər məişət texnikası, bir çox başqa hədiyyələr təqdim edilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları 43 nömrəli Moskva Xüsusi Uşaq Evində də olmuş, orada Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil etmişlər. Diqqət və qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qarşıdan gələn Yeni İl münasibətilə təbrikləri çatdırılmışdır. Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı bayram proqramından sonra balacalara Şərq şirniyyatları, meyvə, kitab və oyuncaqlar, uşaq evinə isə kondisioner hədiyyə olunmuşdur.

S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Biri var idi, biri yox idi” musiqili tamaşasını göstərmişlər. Uşaq Evinin direktoru Qalina Birk kollektivin adından Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir.

 

Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın daha 20 regionunda oxşar xeyriyyə aksiyaları keçirilir.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu cür xeyriyyə aksiyaları tez-tez keçirir, valideyn himayəsindən məhrum və xəstə uşaqları sevindirir. Bu aksiyalar Fondun fəaliyyət və iş istiqamətlərindən birinin məntiqi davamıdır.