Nüfuzlu VİOAS jurnalı Prezident İlham Əliyevi dünyada “İlin adamı” elan edib

Posted by

Nüfuzlu VİOAS jurnalı Prezident İlham Əliyevi dünyada “İlin adamı” elan edib

Geniş oxucu kütləsinə malik “Hind okeanının və Ərəb dənizinin səsi” (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan edib. Jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib. Bu barədə Trend hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, Seyşel adaları Respublikasında nəşr olunan VİOAS jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürüb. Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə, dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə diqqəti yönəltmək, eləcə də, Hind okeanında və onun sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.

Eyni zamanda, hazırda BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olmaq yönündə fəaliyyət həyata keçirən Seyşel adaları Respublikasında Azərbaycanın qurumdakı 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövrü diqqətlə izlənilir. Təsadüfi deyil ki, jurnalın redaksiya heyətinin oxuculara müraciətində bildirilir ki, Azərbaycan Prezidentinin “İlin adamı” seçilməsi heç də yalnız Onun xalqın böyük dəstəyi ilə növbəti dəfə prezident seçilməsi və şəxsi liderlik keyfiyyətləri ilə bağlı deyil. Bu qərar həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin nəticəsidir.

Bu münasibətlə, jurnalın üz qabığında “İlin adamı” kimi təqdim olunan Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən sonra 2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə prezident seçilməsi, habelə, indiyədək ölkədə yoxsulluğu 90 faiz azaldan dövlət başçımızın ümumi daxili məhsulun həcmini 2020-ci ilədək iki dəfə artıracağı qeyd olunur.

Azərbaycanın sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət ayıran VİOAS jurnalının sözgedən sayının ilk məqaləsi də “İlin adamı” başlığı altında Prezident İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkəmizin keçdiyi inkişaf yoluna həsr olunub. Jurnalın nəşriyyatçı şirkətinin rəhbəri Ceyms Mançamın müəllifi olduğu məqalədə yüksək iqtisadi inkişafa nail olan, yoxsulluğun sürətlə və kəskin azaldıldığı, müasir və firavan cəmiyyətin qurulduğu Azərbaycanın son 10 ildəki nailiyyətlərini dünyada təkrarlaya biləcək ölkənin olmadığı xüsusi vurğulanır. Müəllif qeyd edir ki, məhz Prezident İlham Əliyevin güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən liderliyi olmadan bu yüksək göstəriciləri əldə etmək mümkün olmazdı. Bunun məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində səslərin 84,59 faizini toplayaraq növbəti 5 ildə də dövlət başçısı seçilib.

Azərbaycanla bağlı şəxsi müşahidələrinə əsaslanan C.Mançam məqalədə göstərir ki, onun ölkəmizlə yaxından tanışlığı Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratların (CAPDİ) vitse-prezidenti kimi 9 oktyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunması və Filippin Milli Assambleyasının keçmiş sədri, hazırda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesiyanın başçılıq etdiyi müşahidəçi qrupun tərkibində ölkəmizə səfəri ilə bağlıdır.

Daha sonra Azərbaycan haqqında bir sıra məlumatların verildiyi yazıda Prezident İlham Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrınadək Azərbaycanın prezident olmuş Ulu öndər Heydər Əliyevin davamçısı olduğu vurğulanır. Qeyd olunur ki, 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli lider 2003-cü ildə vəfat edib.

Müəllif yazır ki, 52 yaşlı Prezident İlham Əliyev islahatçı lider kimi analoqu omayan inkişafa, ölkənin yüksək səviyyəli xarici əlaqələrinin qurulmasına, yoxsulluğun kəskin şəkildə azalmasına nail olub. Təsadüfi deyil ki, təxminən 10 illik fəaliyyətindən sonra Prezident İlham Əliyevə 2013-cü il seçkilərində ciddi rəqib sayılacaq siyasi fiqur olmayıb və prezidentliyə iddialı olan müxalifət namizədləri seçkilərin nəticəsində siyasi arenada layiq olduqları yerə sahibləniblər.

Ölkəmizdəki seçkiqabağı mühitlə bağlı fikirlərini də bölüşən müəllif qeyd edir ki, Azərbaycan Hava Yolları ilə Londondan Bakıya yola düşməzdən əvvəl, təsadüfən “BBC” radiosunun reportajlarının birində Azərbaycanın mənfi tonda təqdim edilməsinin şahidi olub: “Bu, mənin Bakıda gərgin, mübahisəli və sərt siyasi atmosferlə üzləşəcəyimi güman etməyimə səbəb oldu. Lakin xoşbəxtlikdən, mən hər zaman “cəmiyyətin nəbzinə” inanan birisi olmuşam, çünki bu, bəzən ölkənin vəziyyətini və əhval ruhiyyəsini statistikalardan və peşəkar siyasi təhlillərdən daha yaxşı izah edir. “Cəmiyyətin nəbzi” insanların həqiqi hisslərini və onların bu gün və sabahla bağlı gözləntilərini dəqiq əks etdirir. Bu nöqteyi-nəzərdən, çox keçmədən anladım ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən fəal şəkildə dəstəklənir və partiyanın üzvü olmayanların çoxu seçkilərdə tanıdıqları, fəaliyyətinə bələd olduqları liderə səs verəcəklər”.

Seçkilərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın son 10 ildən artıq müddətdə dünyada ən sürətli iqtisadi artıma malik olan ölkələrdən birinə çevrilməsi ilə bağlı fikirlərini xatırladan müəllif qeyd edir ki, bu gün Azərbaycanın gələcəyi işıqlı görünür: “ÜDM-də böyük artımla yanaşı, neft gəlirlərinin səbəb olduğu sosial rifah ölkədə əmanətlərin üçqat artmasına səbəb olub. Seçkisonrası müraciətində Prezident Əliyev qarşıdakı illərdə ölkənin inkişafına zəmin yaradan “Azərbaycan 2020: Gələcəyə baxış” strategiyasından bəhs edib. Ümumilikdə, bu strategiya çərçivəsində ölkənin adambaşına düşən ÜDM-in həcmi 2020-ci ilədək iki dəfə artırılacaq, bu isə öz növbəsində infrastrukturun yenidən qurulması, nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyatı olan ölkəyə çevirəcək”.

Məqaləyə əsasən, Dövlət Neft Fondundakı maliyyə vəsaitlərinin də yardımı ilə 2014-cü ildə böyük həcmdə dövlət investisiya xərclərinin iqtisadi artıma təkan verəcəyi gözlənilir. Həmçinin, yeni qaz yatağındakı kəşfiyyat işlərinin yatağın 2015-ci ildə istismarı yönündə irəliləməsi də Azərbaycanın enerji gəlirlərinin gələcəkdə daha da artacağından xəbər verir.

Müəllif, həmçinin qeyd edir ki, VİOAS jurnalının “İlin adamı” kimi Mərkəzi Asiyanın Qafqaz regionundan olan bir lideri – Prezident İlham Əliyevi seçməsi ötən əsrdən etibarən dünyanın nə qədər çox dəyişdiyini göstərir: “Bu o deməkdir ki, Azərbaycan artıq əksər gənc dövlətlər üçün inamlı və hərtərəfli inkişaf modelinə çevrilib”.

Müəllifin fikrincə, Prezident İlham Əliyev ağıllı və qətiyyətli liderlik keyfiyyətlərini özündə birləşdirən, XXI əsrin başlanğıcında dövləti “üçüncü dünya” ölkəsi səviyyəsindən müasirliyə aparan dövlət xadimlərinin bir nümayəndəsidir.

Hazırkı qloballaşmanın təsiri altında güc balansının Atlantikdən Hind və Sakit okeanlarına doğru dəyişdiyinin vurğulandığı yazıda qeyd olunur ki, Seyşel adaları da bir vaxtlar “xırda dövlət” adlanırdı. Buna baxmayaraq, qloballaşma belə bir fikri deməyə əsas verir ki, “dənizlə əhatə olunmuş heç bir dövlət kiçik deyil” və kiçik ölkələrdə yaşayan xalqlar heç də mütləq şəkildə “kiçik xalqlar” deyil.

Bu baxımdan, məqalədə bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan ölkə Prezidentinin ağıllı rəhbərliyi altında bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Müəllif qeyd edir ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsinə çalışan Seyşel adaları Respublikasının Prezidenti Ceyms Mişel bu istəyinə çatmaq üçün Prezident İlham Əliyevdən nümunə götürməlidir: “Bu baxımdan, Prezident Mişel bizim Azərbaycan Prezidentini VİOAS-ın xüsusi Milad buraxılışı üçün “İlin adamı” elan etməyimizə əsas verən liderlik keyfiyyətlərini öyrənsə, uğur qazanar”.

VOİAS jurnalının qeyd olunan sayında əksini tapan “Azərbaycan beynəlxalq səviyyədə ədalətin bərpasına mühüm töhfələr verir” başlıqlı yazıda isə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin BMT TŞ-dəki sədrlik müddətinin başa çatması ilə əlaqədar 5 noyabr 2013-cü il tarixində dərc olunan bəyanatına istinadla Azərbaycanın BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq səviyyədə ədalətin bərpasına və beynəlxalq hüququn prinsiplərinə mühüm töhfələr verdiyi vurğulanır.

Yazıda bildirilir ki, bu müddət ərzində Azərbaycan etibarlı tərəfdaş olaraq BMT TŞ-yə üzv ölkələr və digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı davam etdirib. Həmçinin qeyd olunur ki, 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan TŞ-yə sədrliyi icra edib. Bu müddət ərzində qurumda bir sıra mühüm qərarlar qəbul olunub, beynəlxalq sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.

Eləcə də, Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı BMT TŞ-də yüksək səviyyəli görüş keçirilib.

Noyabrın 1-dən etibarən isə Şuraya sədrlik Azərbaycandan Çinə keçib.

Beləliklə, göründüyü kimi, Azərbaycanın sosial-iqtisai inkişaf modeli və xarici siyasət fəaliyyəti beynəlxalq səviyyədə uğurlu nümunə və model kimi qəbul olunur. Bu baxımdan, nüfuzlu VİOAS jurnalının Prezident İlham Əliyevi “İlin adamı” elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlət başçımıza beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir.