Korrupsiyaya qarşı Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən rüşvətlə bağlı edilən müraciətlərin sayı azalıb

Posted by

Korrupsiyaya qarşı Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən rüşvətlə bağlı edilən müraciətlərin sayı azalıb

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən rüşvətlə bağlı edilən müraciətlərin sayı azalıb. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 2013-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indi daha çox süründürməçilik, bürokratik, məmur özbaşınalığı barədə məlumatlar daxil olur. Həmin məlumatlar da aidiyyəti dövlət qurumlarının rəhbərlərinə yönləndirilir.

K.Əliyev bildirib ki, səhiyyə sahəsi ilə bağlı İdarəyə 286 müraciət daxil olub. Onların Səhiyyə Nazirliyinə yönləndirilməsi nəticəsində 72 tibb işçisi məsuliyyətə cəlb olunub, 3 nəfər vəzifəsindən azad edilib.

İdarə rəisi qeyd edib ki, sosial sahə ilə bağlı müraciətlərin sayı azalıb. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərliyi tərəfindən də tədbirlər görülür: “Məsələn, DİN tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 5 cinayət işi başlanılıb, 42 polis əməkdaşı cəzəalandırlıb”.