Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi ilə görüşüb
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayaraq fəaliyyətində uğurlar arzulayan K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, nazirliyin ATƏT-lə əməkdaşlığı çərçivəsində fövqəladə halların idarə edilməsi, həmçinin ətraf mühit və təhlükəsizlik üzrə layihələrin perspektivlərindən bəhs edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Al.Şahtaxtinski qeyd edib ki, Azərbaycanda fəaliyyəti dövründə ATƏT-in təşəbbüsü ilə həyata keçirilən layihələr üzrə nazirliklə uğurlu əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Trend/az