İnsan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər əsas etibarilə, müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.
Avropa İnsan Hüquqları Konvensiyası ümumi regional müqavilələr sırasına daxildir. Bu konvensiya 1950-ci il 4 noyabrda Romada imzalanmışdır. 3 sentyabr 1953-cü il tarixində qüvvəyə minən bu Konvensiya 2003-cü ilin aprelindən etibarən 44 Avropa Şurası ölkəsi tərəfindən (Serbiya və Çernoqoriya istisna olmaqla) ratifikasiya olunmuşdur. Konvensiya həmçinin insan hüquqlarının məcəllələşdirilməsi qismində ilk hüquqi, məcburi, normativ sənəd olmuşdur. Buraya həmçinin, insan hüquqları haqqında Pakt və Ümumi Bəyannamədə təsbit olunmuş hüquq və azadlıqların yalnız bir hissəsi daxil edilmişdir.
Lakin yaranmış sistemin üstünlüyü ondan ibarətdir ki, o daima inkişaf edir və yeni sənədlərlə zənginləşir. Konvensiyanın əlavə protokolları Avropa müdafiə sisteminə mülki və siyasi hüquqların demək olar ki, tam siyahısını daxil etmişdir.
Sonralar Avropa Konvensiyası 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolla, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolla, 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 8 saylı Protokolla, 1 noyabr 1998-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolla dəyişikliklərə və əlavələrə məruz qalmışdır.
Ümumilikdə götürdükdə, hazırda AİHK insan hüquqları sahəsində tətbiq olunan ən mükəmməl sənəd hesab olunur;
Lakin Konvensiyanın gözlə görünən zəif cəhətlərini də qeyd etmək lazımdır. Belə ki, Konvensiyanın 15-ci maddəsində qeyd olunduğu kimi;
Müharibə və ya əhalinin həyatını təhlükə altına alan digər fövqəladə hallar zamanı razılığa gələn yüksək tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq dərəcədə digər öhdəliklərinə zidd olmamaq şərtilə, yalnız fövqəladə vəziyyətin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərdən geri çəkilən tədbirlər görə bilər.
Bundan əlavə, Konvensiyanın digər bir çatışmayan tərəfi isə sığınacaq hüququ barəsində müddəanın öz əksini tapmamasıdır.
Konvensiyanın hüquqilik prinsipləri içərisində aşağıdakıları fərqləndirmək olar:
1) Konvensiya Ümumdünya İnsan hüquqları Bəyannaməsini 1-ci maddəsinə əsasən, təbii və ayrılmaz olan hüquq və azadlıqları əks etdirir;
2) Konvensiyada öz əksini tapmış hüquq və azadlıqlar iştirakçı dövlətlərin yurisdiksiyası altında olan ərazilərdə bütün şəxslərə, o cümlədən xaricilərə və vətəndaşlığı olmayanlara da şamil edilir.
3) Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışları milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunur.
4) Konvensiyada öz əksini tapmış hüquq və azadlıqlar yalnız dövlət və fiziki şəxslər arasında olan münasibətlər zəminində hüquqi qüvvəyə malikdir.
5) Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət verilməsi isə daxili müdafiə vasitələrinə müraciətdən sonra mümkün olur.
Qeyd etdiyimiz kimi Avropa Konvensiyası nəinki təməl insan hüquqlarını bəyan etmiş, həm də onların müdafiəsinin xüsusi mexanizmini yaratmışdır.
Əvvəlcə bu mexanizmə Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin etməyə görə məsuliyyət daşıyan 3 orqan daxil idi-Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Nazirlər Komitəsi. 1 noyabr 1998-ci ildə 11 ¹-li Protokol qüvvəyə mindikdən sonra birinci adı çəkilən iki orqan daimi fəaliyyət göstərən vahid qurumla – AİHM ilə əvəz edildi.O, Avropa Şurasının yerləşdiyi yerdə – Strasburqda (Fransa) İnsan Hüquqları Sarayında yerləşir.
Bu məhkəmə insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır.
Qeyd etmək lazımdır ki, göstərilən andan daimi və vahid orqan kimi AİHM fəaliyyət göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 19-cu maddəsinə əsasən, dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini yerinə yetirmələrini təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi yaradılır.
Azərbaycan Respublikasının İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etməsi onun yurisdiksiyası altında olan bütün şəxslərin, əgər onlar hüquqlarını pozulmuş hesab edərlərsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmələrinə imkan verir, özü də şikayət məhkəməyə verilməzdən əvvəl bəzi məcburi şərtlərə əməl etmək lazımdır.
Birincisi, şikayətin predmeti yalnız Konvensiya və onun Protokolları ilə təminat verilən hüquqlar ola bilər. Bu hüquqların siyahısı kifayət qədər genişdir, lakin Azərbaycan Respublikasının Konstitusiyasında yer almış bəzi hüquqlar orada yoxdur. Məsələn, əmək hüququ, sosial təminat hüququ və s. Bu hüquqlar Avropa Şurasının başqa bir Konvensiyasında Avropa Sosial Xartiyasında əks olunub, lakin Məhkəmənin yurisdiksiyası yalnız İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya əsaslanır.
İkincisi, şikayəti yalnız zərərçəkən verə bilər. Hətta şikayəti şəxslər qrupu verdikdə belə, onların hər biri özünün konkret şəxsi pretenziyalarını sübuta yetirməlidir. Üçüncüsü, şikayət səlahiyyətli orqan məsələyə baxıb yekun qərarı çıxardıqdan sonra altı aydan gec olmamaqla verilməlidir. Dördüncüsü, yalnız Azərbaycan Respublikasının Konstitusiyasını ratifikasiya etdiyi tarixdən sonra baş vermiş pozuntulardan şikayət vermək olar (pozuntunun davam etdiyi hallar istisna təşkil edir). Beşincisi, şikayətin mahiyyəti üzrə qəbul olunan sayılması üçün ərizəçi öz hüquqlarının müdafiəsi üzrə bütün dövlətdaxili müdafiə vasitələrindən, ilk növbədə, məhkəmə prosedurlarından tam istifadə etməlidir.
“Konvensiyanın dəyərliliyi onun müdafiə etdiyi hüquqlarla deyil, onun fəaliyyət mexanizmi ilə ölçülür”. Bu fikir məşhur fransız alimi K. Vasana məxsusdur. Digər alimlər tərəfindən də qeyd olunmuşdur ki, bu mexanizm unikal, həyati əhəmiyyət daşımaqla, daim inkişafdadır.
Avropa Konvensiyası əsasında yaradılmış bu mexanizm yeni norma və qaydalarla daim zənginləşdirilərək müdafiə mexanizminin daha da güclənməsinə səbəb olur. Fikrimcə bu, məhkəmənin fəaliyyət mexanizmindəki mühüm əlamətlərlə-onun demokratiya prinsipi əsasında formalaşması, şəxslər arasında fərq qoyulmaması, sübut və dəlillərin əsaslandırılmasının tələb edilməsi kimi normalarla müşayiət olunur. Həmin bu normalar Avropa Konvensiyasının 6-cı maddəsində öz əksini tapmıışdır: “Ədalətli məhkəmə araşdırması hüququ lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini:məhkəməyə müraciət hüququnu; işə təqsirləndirilən şəxsin iştirakı ilə baxılmasını; özü üçün əlverişli olmayan ifadələr verməyə məcbur edilməmək hüququnu; tərəflərin bərabərliyini; məhkəmə araşdırmasının çəkişmə xarakterini və məhkəmə qərarının əsaslandırılması” kimi məsələləri əhatə edir.
Bu baxımdan bir daha qeyd etməliyik ki, beynəlxalq hüquq normaları daxilində mühüm əhəmiyyətə malik olan İnsan hüquqlarının müdafiəsi və təmini yalnız Məhkəmə tərəfindən deyil, daxili qanunvericilik vasitələrinin də iştirakı ilə təmin edilməlidir.
Zeynalova Aygün
BDU, Beynəlxalq Hüquq
Fakultəsinin III kurs tələbəsi