Həsən Ruhani: “Altı aydan da qısa müddətdə yekun razılaşma əldə edəcəyimizə inanıram”

Posted by

Həsən Ruhani: “Altı aydan da qısa müddətdə yekun razılaşma əldə edəcəyimizə inanıram”

 

Həsən Ruhani: “Altı aydan da qısa müddətdə yekun razılaşma əldə edəcəyimizə inanıram”

Həsən Ruhani: “Altı aydan da qısa müddətdə yekun razılaşma əldə edəcəyimizə inanıram”

 

İran prezidenti ölkəsinin nüvə proqramından danışıb.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani Üləmalar Məclisinin (Xubreqan) 15-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, İranın “altılıq” ölkələri ilə apardığı ilkin danışıqlar uğurlu olub: “İran xalqının hüququnu qorumuşuq və bu məsələdə ölkədə hər hansı bir narahatlığın olmamasını istəyirəm. Çünki bu hökumət heç bir halda “qırmızı xətlər”i aşmaz”.

 

H.Ruhani bildirib ki, İran xalqının hüququnun qorunması məsələsi rəsmi Tehranla “altılıq” ölkələri arasında nüvə sahəsində əldə olunmuş razılaşmada da açıq şəkildə öz əksini tapıb: “Məsələn, Cenevrə razılaşmasında “Fordo” və “Nətənz” nüvə obyektlərində uranın zənginləşdirilməsinin səviyyəsi qeyd olunub. İranın uranın zənginləşdirilməsi hüququnun qəbul edildiyi aydındır. Amma məsələ bundadır ki, onların təbirincə, İranın uranı zənginləşdirməsinin səviyyəsi bir müddət belə olmalıdır. Bu da daha çox etimad mühitinin yaradılması məqsədilə həyata keçirilir. Düzdür, İran xalqının bu hüququ qəbul olunsa da, ancaq bu gün qəddarcasına sanksiyalar insanların həyatına bir təzyiq vasitəsi kimi qalır. Ona görə də ədalətsizcəsinə və haqsız yerə tətbiq olunmuş bütün sanksiyalar aradan qaldırılmalıdır. Həmin sanksiyalardan bəziləri BMT Təhlükəsizlik Şurası, böyük hissəsi ABŞ dövləti və Konqresi, bir hissəsi də Avropa Birliyi tərəfindən İrana qarşı tətbiq edilib. Biz də yekun addımda İranın nüvə hüququnun qorunub saxlanılması ilə sanksiyaların aradan qaldırılması üçün çalışırıq”.

 

İran prezidenti vurğulayıb ki, ölkəsi qarşılıqlı inamın yaradılması çərçivəsində uranın zənginləşdirilməsini davam etdirir: “Biz bu inamın yaradılması ilə onların bəhanələrin kölgəsində qala bilmələri üçün digər bəhanələrə əl atılmasına imkan vermirik. Ona görə də İran xalqı ilə bağlı ictimai, siyasi və ümumi rəyi yayındırmağa çalışırlar. Mən növbəti addımın atılacağına ümid edirəm. Ancaq heç kim siyasi danışıqların necə nəticələnəcəyi ilə bağlı proqnoz verə bilməz. Əlbəttə, ilkin müzakirələrimiz uğurlu olub və bunu təkcə biz deyil, bütün dünya etiraf edir. Əlbəttə, ABŞ öz ictimai rəyi mühafizəkarlar, sionistlər və bəzi ölkələrin təzyiqləri ilə bir şeyi deyirlər. Bu o deməkdir ki, amerikalılar və sionistlər reallıqdan çox uzaq olan faktlarla danışırlar. Biz isə dünya ictimaiyyətinin və bütün ölkələrin ictimai rəylərinə baxmalıyıq. ABŞ-ın bəzi rəsmiləri və sionistlərin dediyi sözlər həqiqətdən uzaq olsa da, ancaq dünya, o sıradan Avropa, Çin və digər ölkələr, Asiya və Afrika İranın uğuru barədə danışır və təzyiqlərin səhv olduğuna inanırlar. Bəziləri İran nüvə məsələsinin həll yolunun təzyiq və sanksiyalardan keçdiyini iddia etsələr də, biz danışıqları həll yolu bilirik. İndiyədək danışıqlar yolu ilə uğur qazanmağa nail olmuşuq və biz müvəffəqiyyətli olmağa davam edəcəyik”.

 

Eyni zamanda H.Ruhani növbəti addımın çox çətin və mürəkkəb olacağını söyləyib: “İran öz nüvə müzakirəçilərinin gücünə inanır və bütün dünya da bu məsələnin həllində vicdanlı və xoşməramlı olmalıdır. Əgər biz praktik olaraq məsələnin həllində yaxşı niyyət və siyasi iradə göstərsək, hətta altı aydan da qısa müddət ərzində yekun razılaşma əldə edəcəyimizə inanıram”.

 

Qeyd edək ki, İran Üləmalar Məclisinin (Xubreqan) 15-ci sessiyasında əsasən ölkənin nüvə proqramı müzakirə edilib.

 

Apa.az