İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup PX-nin Müalicə Müəssisəsinə başçəkmə həyata keçirib
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupu (MPQ) həkim üzvünün də iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşmış Müalicə Müəssisəsinə planlı uzunmüddətli başçəkmə həyata keçirib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraitinin, məhkumlarla rəftarın və müalicə məsələlərinin öyrənilməsi olub.
Müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə palatasına, görüş yerlərinə baxış keçirilib, 30-dək məhkum fərdi qaydada qəbul edilib, hüquqları izah olunub, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib. Araşdırma zamanı məhkumlardan şikayət daxil olmayıb.
Başçəkmə zamanı bir sıra müsbət hallar, o cümlədən əvvəlki illərlə müqayisədə ölüm hallarının əhəmiyyətli dərəcədə azalması, dərman və ərzaq təminatının yüksək səviyyədə olması, müəssisənin müasir laborator avadanlıqla təchiz edilməsi, müəssisədə beynəlxalq təlim mərkəzinin açılması, müxtəlif ölkələrlə aparılan təcrübə mübadiləsi qeydə alınıb.
Araşdırma zamanı qeyd olunan müsbət hallarla yanaşı, bir sıra xırda nöqsanlar da aşkar edilib və MPQ üzvlərinin tövsiyələri əsasında müəssisə rəhbərliyi tərəfindən dərhal aradan qaldırılıb.
Ombudsman başçəkmənin nəticələri ilə bağlı Ədliyyə nazirinə məktub göndərib.