Fövqəladə Hallar Nazirliyində tikinti, yanğın və dağ-mədən sənayesi sahələrində təhlükəsizliyin gücləndirilməsinə həsr olunmuş müşavirə keçirilib
Nazir Kəmaləddin Heydərov pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.
Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) müşavirə keçirilib.
APA-nın xəbərinə görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında keçirilən müşavirə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin yanvarın 9-da keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsinə həsr olunub.
Nazirliyin strukturuna daxil olan və nəzarət funksiyaları daşıyan qurumların iştirakı ilə keçirilən müşavirədə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlardan danışıb.
Nazir son illər respublika iqtisadiyyanın ölkədə aparılan geniş abadlıq-quruculuq, infrastruktur, nəqliyyat və digər sahələrdəki tikinti prosesində təhlükəsizlik qaydalarına ciddi əməl olunması və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.
K. Heydərov xüsusüilə vurğulayıb ki, dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, hazırda inşası davam etdirilən, həmçinin tikintisi başa çatmış dövlət və özəl sektordakı tikililərin qanun və normalara uyğun inşa olunmasına, layihə sənədlərinin mövcud qanunvericiliyə uyğun ekspertizidan keçirilməsinə, istismarına icazə verilən obyektlərin təhlükəsizlik qaydalarının icrasına nəzarətin gücləndirilməsinə ciddi riayət olunmalıdır.
Nazir həmçinin ölkədə tikinti, sənaye və dağ-mədən sahələrində təhlükəsizliyə nəzarətin gücləndirilməsinin, qanunsuz, o cümlədən də müəyyən pozuntularla tikilən obyektlərin inşasını qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılması və sökülməsi ilə bağlı ciddi tədbirlərin görülməsini, insanların təhlükəsiz həyat və fəaliyyətinin təminatının vacib amil olduğunu qeyd edib.
K. Heydərov çıxışında yanğın təhlükəsizliyi sahəsinə də nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazirliyin adiyyəti qurumlarının nəinki tikilimədə olan, eyni zamanda istismara verilmiş bütün tikililərdə təhlükəsizlik norma və qaydalarına lazımi səviyyədə riayət olunmasına ciddi nəzarət etməli olduqları qeyd edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəhbər şəxsləri məruzə ilə çıxış ediblər.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov dövlət təşkilatlarında – Nəqliyyat Nazirliyinin sifarişçisi olan “Azəryolservis” ASC və “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Bakı Elektrikşəbəkə” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Meliorasiya və su təsərrüfatı” ASC, Metropoliten, bundan başqa özəl müəssisələr, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən otellər, ticarət mərkəzləri, istirahət mərkəzləri, izibati binalarda nöqsanlara yol verildiyini bildirib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev neft-qaz, energetika, səhiyyə, təhsil, mədəniyyət və turizm nazirliklərinin obyektlərində, kütləvi istirahət obyektlərində və otellərin bir qismində, metropolitendə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verildiyini açıqlayıb.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov neft-qaz çıxarma, emal və xidmət sahələrində, tikinti materialları istehsalı üçün icra hakimiyyətləri tərəfindən ayrılan ərazilər, kimya sənayesi, magistral boru kəmərlərində, lift təsərrüfatında pozuntulara yol verildiyini qeyd edib.
Müşavirəyə yekun vuran fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mövcud nöqsanların aradan qaldırılması və bu kimi hallara bir daha yol verilməməsi ilə bağlı ciddi tapşırıqlarını verib. Eyni zamanda pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.
Apa.az