Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur

Posted by

Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur

 

Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur

Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur

 

Strasburq Universitetinin doktorantı olmuş Azərbaycan Dillər Universitetinin əməkdaşı Vazeh Əsgərovun Avropanın tanınmış “Presses Académiques Francophones” nəşriyyatında “Azərbaycanlıların miqrasiyası – tarix və perspektivlər: Fransa nümunəsi” kitabı nəşr olunmuşdur.

Azərbaycanlıların Fransaya miqrasiyasından bəhs edən monoqrafiya müəllifinin əsas məqsədi mövzu çərçivəsində XIX əsrin sonlarından dövrümüzədək tarixi faktları araşdırmaq olmuşdur.

Müəllif Azərbaycanın çar Rusiyasının və İranın arasında ikiyə bölünməsi ilə başlanan siyasi immiqrasiyanı doğuran əsas məsələlərdən bəhs etmiş, eləcə də həmin dövrdən başlanan köçürülmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarından didərgin salınmasının səbəblərini göstərməyə çalışmışdır.

Qafqaz və ona yaxın məkanda yerləşən Türkiyə, İran və Rusiyada inqilablarla müşayiət olunan XX əsrin əvvəllərinin mənzərəsi, deportasiyalar, ilk respublika, dünya müharibələri, repressiyalar, siyasi rejim və digər siyasi hadisələrin törətdiyi miqrasiyaların nəticələri kitabda öz əksini ətraflı tapmışdır.

Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərə aydınlıq gətirməyə çalışan müəllif bu münaqişənin köklərini araşdırmış və problemin səbəblərini 1988-1994-cü illərdə baş verən müharibədə axtarmaqda deyil, çox-çox əvvəllər çar Rusiyasının Qafqazı işğal etdiyi, xristianlaşdırma siyasəti kimi ermənilərin bu ərazilərə köçürülməsi ilə başlanan dövrə aid olduğu qənaətinə gəlmişdir.

Kitabda XX əsrdə xalqımızın məruz qaldığı hər növ köçürülmə, deportasiya siyasəti hərtərəfli tədqiq edilmişdir. Müəllif azərbaycanlıların Fransaya miqrasiyasını zəngin sənədlər əsasında tədqiq etmiş, statistik göstəricilərə istinadla 70 min azərbaycanlının bu ölkəyə miqrasiyasının səbəblərini araşdırmağa çalışmışdır.

Kitaba Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında 10-dək biblioqrafik məlumat daxil edilmişdir.

Müəllif yeni əsrdə başlanan miqrasiyanı da orijinal formada təqdim etməyə çalışmışdır. O, son 25 ildə təkcə Azərbaycandan deyil, 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) də Fransaya miqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkədə yerləşməsi haqqında geniş tədqiqat işi aparmışdır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələ azərbaycanlıların miqrasiyasının öyrənilməsi baxımından xüsusi maraq doğurur.

 

AzerTAc.az