Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir üçüncü ölkəyə təhvil verilib
Avqustun 26-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri 2012-ci ilin iyul ayından Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Trend-in məlumatına görə, BQXK-nın Yerevandakı nümayəndəliyinin başçısı Lorenzo Karaffi bildirib ki, hərbi əsirin saxlanmasından sonra sayca doqquzuncu olan bu başçəkmə zamanı, ailəsinin ona göndərdiyi məktub çatdırılıb və o da ailəsinə məktub yazıb.
“Bu məlumatlar sırf şəxsi xarakterdə olub. Bundan əlavə, başçəkmə zamanı hərbi əsirin repatriasiya edilmək, yaxud üçüncü ölkəyə köçmək istəyi konfidensial şəraitdə müzakirə edilib” – deyə Karaffi vurğulayıb.
Qeyd edək ki, avqust ayının 30-da Ermənistanın hökumət orqanları azərbaycanlı hərbi əsirin azad edildiyi və digər beynəlxalq təşkilatın himayəsi altında üçüncü ölkəyə yola düşdüyü barədə BQXK-nı məlumatlandırıb.
Bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər.
Başçəkmə zamanı ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib.
Başçəkmə BQXK-nın standart iş prosedurlarına müvafiq olaraq həyata keçirilib.
BQXK-nın Bakı nümayəndəliyinin başçısı Dəniz Duran söyləyib ki, BQXK, erməni əsgərinin tutulması və saxlanması ilə bağlı bütün məsələlər barədə aidiyyyatı olan hökumət orqanları ilə birbaşa və konfidensial dialoqu davam etdirir.
Xatırladaq ki, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılan hərbi əsirlərə və internə edilmiş mülki şəxslərə 1992-ci ildən etibarən baş çəkir. Başçəkmələrin məqsədi onların saxlanılma şəraitini monitorinq etmək və beynəlxalq standartlara müvafiq olaraq, onlarla insani rəftar olunduğundan əmin olmaqdır.
BQXK, neytral vasitəçi olaraq tərəflərin xahişi, aidiyyatı olanların razılığı və münaqişə tərəfləri ilə koordinasiya şəraitində hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin repatriasiyasına şərait yarada bilər.
Saxlanılan şəxslərin üçüncü ölkəyə köçürülməsi BQXK-nın mandatına daxil deyil.