Elmar Məmmədyarov: BMT TŞ-nin qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib

Posted by

Elmar Məmmədyarov: BMT TŞ-nin qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib

Elmar Məmmədyarov: BMT TŞ-nin qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyibElmar Məmmədyarov: BMT TŞ-nin qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib

Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Dünya boyunca yüz minlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə, beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərin müqabilində güclənməkdə olan cəzasızlıq mədəniyyətindən əziyyət çəkir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib.
“Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Bu qətnamələr eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı olan hücumları və onun ərazisinin bombardman edilməsini qabardıb.
TŞ-nın sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlar da bu mətnlər boyunca tərtib edilib. Ümumiyyətlə, yuxarıda qeyd olunan qətnamələr bu problem üzrə açıq şəkildə ifadə olunmuş ən kəsərli və icbari qərarlar olaraq, qəbul edir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilib və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır” – deyə nazir bildirib.
XİN başçısı söyləyib ki, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi TŞ-nin qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib.
“Bunun müqabilində Azərbaycana qarşı davam edən təcavüzün səbəb olduğu əsas problemlərin təcili həllindən beynəlxalq birliyin diqqətini yayındırmaq məqsədilə Ermənistan tərəfindən mövcud vəziyyətin təhrif edilməsi istiqamətində addımlar atılır, TŞ-nın qətnamələrinin əhəmiyyəti aşağı salınır və onların müddəaları təhrif olunur.
Bundan əlavə, Ermənistanın davam edən işğalçılıq iddiaları və işğal nəticəsində formalaşmış cari status kvonu möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi davamlı əməlləri və yüz minlərlə məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına maneə olması həll prosesinə açıq təhdid yaradır və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhlükə doğurur.
BMT-də irəli sürdüyümüz təşəbbüsümüz ilə 2005 və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər ediblər. Hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkili münasibətin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirilib.
Amma, bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Dağlıq Qarabağ və işğal edilmiş yeddi ətraf Azərbaycan rayonlarına yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barəsində sübutları ortaya qoyur.
Bu baxımdan, beynəlxalq birliyin münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törədən bütün əməlləri dərhal və qeyd-şərtsiz dayandırılmasının zəruriliyi israrla tələb etməsi olduqca vacibdir” – deyə Məmmədyarov vurğulayıb.
Məmmədyarov deyib ki, Ermənistanın işğalçı siyasətinin uğurla nəticələnməsi mütləq şəkildə qeyri-mümkündür.
“Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, var və olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köşkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır.
Beynəlxalq hüquq və TŞ-nın müvafiq qətnamələri də elə bunları tələb edir və bunlar da münaqişənin həll olunması prosesində heç bir vaxt sövdələşmə məsələsi ola bilməzlər. Ən başlıcası isə Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə və ya öz vətəndaşlarının hüquq və azadlıqlarına xələl gətirə bilməz.
BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına, xüsusilə 51-ci maddədə əks olunmuş müddəalara xələl gətirmədən Azərbaycan münaqişənin həll olunması prosesinə başlayıb və buna etibarlı qalmaqda davam edir.
Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlı və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk” – deyə o, bildirib.
Nazir əlavə edib ki, Azərbaycan BMT-nin üzv dövlətlərinin müxtəlif formatlarda ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən və onun ərazi bütövlüyü və suverenliyinə aid olan məsələlər münasibətdə nümayiş etdirdikləri prinsipial mövqelərini yüksək qiymətləndirir.