Dövlət müşaviri: “Azərbaycanda dini, milli müstəvidə həll edilə bilməyəcək məsələ yoxdur”
Beynəlxalq Tolerantlıq günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın xəbərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov öncə qonaqları salamlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, bütün dünyada keçirilən Beynəlxalq Tolerantlıq günü Azərbaycanda da qeyd edilir. Onun sözlərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılarkən qarşıya real vəzifələr qoyub.
K. Abdulla qeyd edib ki, Azərbaycanda bu gün bütün dünyaya örnək olacaq multikultural mühit yaradılıb: “Ölkədə bir çox təhlükəsizlik prinsipləri həyata keçirilib. Bunlardan əsası da multikultural təhlükəsizlikdir. Bu gün Azərbaycanda xalqa arxalanaraq multikultural rejimin inkişaf etdirilməsi və başqa ölkələrə örnək kimi çatdırılması mümkündür.
Azərbaycanda dini, milli müstəvidə həll edilə bilməyəcək heç bir məsələ yoxdur. Azərbaycan siyasəti, dövlətçiliyinin prinsipləri belə qurulub və inkişaf etdirilir. Bunun nəticəsində hazırda ölkəmiz dünyada öz sözü, yeri, potensialı və inkişaf hədəfləri olan dövlətə çevrilib. Bizim hədəfimiz aydındır və söz xatirinə söz deyilməməlidir. Çünki Azərbaycan dövləti və cəmiyyəti bizdən real işlər gözləyir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, tolerantlıq Azərbaycanda həyat tərzidir. Onun sözlərinə görə, ölkədə artıq tolerantlıq barədə çoxillik zəngin təcrübə formalaşıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkədə bu gün bütün xalqların mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradılıb.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Fəttah Heydərov da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının mühüm məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərə hörmətlə yanaşan ölkədir: “Bu gün dünyada müxtəlif proseslər gedir. İqtisadi böhranlar, müxtəlif aspektlərdə gedən mübarizə, münaqişə və müharibələr bütün insanları düşündürməyə başlayıb. Belə bir zamanda Azərbaycan dünyanın hər yerindən görünən, ən düzgün qərarlar verən, yekunlar əldə edən ölkə kimi tanınır. Düşünürəm ki, yeni yaradılan mərkəz də bəşəriyyət, insanlar üçün sülh, birgə yaşayış üçün institut olacaq”.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan öz fəaliyyəti, siyasəti ilə tolerantlığa nümunə ölkə olduğunu bütün dövrlərdə nümayiş etdirib. Onun fikrincə, Azərbaycan xalqı tolerant olmasaydı, müxtəlif dinlər, etnoslar burada birgə yaşaya bilməzdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev qeyd edib ki, ölkədə bütün dinlərə ibadət üçün bərabər şərait yaradılıb. Onun sözlərinə görə, İslam dinində də bu məsələ qabarıq şəkildə qeyd olunub: “Səmavi dinlərdə məcburiyyət məfhumu yoxdur. Dinimiz öz ayinlərini başqalarına məcburi qəbul etdirməyə qarşı çıxır. Bu məsələdə fikirlər azaddır”.
Trend.az