Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini: “Erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar”

Posted by

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini: “Erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar”Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini: “Erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar”

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini: “Erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar”

“Mən beynəlxalq təşkilatların, Azərbaycandakı bir sıra ölkələrin səfirliklərinin erməni pilotlarının ölümü ilə bağlı başsağlığı vermələrinə irad tutmuram. Fakt budur ki, erməni pilotlar ölüblər, başsağlığı vermək də onların öz hüququdur”.

 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar: “Onlar öz xoşları ilə ora gəlməmişdilər. Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq düzgün deyil”.

 

N. Məmmədov mürəkkəb proseslərin getdiyini qeyd edib: “Son bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivlik müşahidə olunub. Uzun fasilədən sonra beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsələyə diqqəti artıb. Bu istiqamətdə müəyyən addımlar atılıb. Azərbaycan prezidenti Rusiya prezidentinin iştirakı ilə Soçidə Ermənistan prezidenti ilə görüş keçirdi, bu, münaqişənin həlli istiqamətində bir təşəbbüs, bir addım idi. Daha sonra belə bir görüş ABŞ dövlət katibinin təşəbbüsü ilə Böyük Britaniyada NATO sammitində oldu. O görüşdə də geniş müzakirə aparıldı. Bir qədər əvvəl isə Fransa prezidentinin təşəbbüsü ilə Parisdə geniş fikir mübadiləsi aparıldı. Məqsəd o idi ki, necə edək ki, irəliyə doğru addım ataq”.

 

N. Məmmədov vurğulayıb ki, bütün səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla, vasitə, taktika ilə olursa olsun, indiki “status-kvo”nu saxlamaq istəyir, bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır: “Bu, təzə şey deyil. Ermənistan tərəfi son illər dəfələrlə belə addımlar atıb. İlk dəfə açıqlayıram, Kazan görüşü zamanı Ermənistan prezidenti Rusiya prezidenti ilə razılaşdı ki, danışıqlarla bağlı balaca mətn yazılsın ki, danışıqlar gərgin keçdi, müzakirələr aparıldı, nəticə əldə olunmasa da, görüşləri davam etdirmək vacib, labüddür. Görüşdən sonra Rusiya rəhbərliyi tərəfindən də görüşlə bağlı belə bəyanat yayıldı. Ancaq yarım saat sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, görüş keçirildi, Azərbaycan rəhbərliyi münaqişəni həll etmək istəmir. Həmin anda dünya bu görüşün nəticələrini gözləyirdi və onlar dünya birliyində Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutmaması fikrini formalaşdırmağa çalışdılar. Belə addımları çox atıblar. Yaxud Soçi görüşündən bir həftə əvvəl təmas xəttində hadisə oldu, cavabını da aldılar. Nəhayət, Fransada görüş keçirildi. Nəzərə çarpan irəliləyişlər olduğunu qeyd edə bilmərəm, amma ətraflı danışıqlar aparıldı. Görüşdən çıxandan sonra Serj Sarkisyan və Edvard Nalbandyan danışıqlardan razı qaldıqlarını söylədilər. Lakin 5-10 gün sonra Qarabağda provokasiya xarakterli hərbi təlimlər keçirməyə başladılar. Fikirləşdilər ki, Azərbaycan hərbi təlimlə bağlı böyük hay-küy qaldıracaq, Ermənistan da deyəcək ki, günahkar deyillər, Azərbaycan danışıqların ruhunu pozmaq üçün belə edir. Amma biz bunu başa düşdük”.

 

N. Məmmədov Ermənistanın artıq ölçü hissini itirdiyini, sağlam düşüncə ilə addım ata bilmədiyini vurğulayıb: “Ermənistan hansı hüquqla işğal etdiyi Azərbaycan ərazisində hərbi təlim keçirə bilər? Dağlıq Qarabağdakı qondarma qurum hərbi təlim keçirirsə, yaxud Ermənistanla birlikdə keçirirsə, bunu hansı hüquqla edir? Bu, əsas məsələdir. İstədilər ki, təxribata əl atmaqla hər şeyi Azərbaycanın üzərinə atsınlar, ancaq ölçü hissələrini o qədər itiriblər ki, Ağdamda, təmas xətti üzərində hücum nümayiş etdirən uçuşlar keçirirlər. Bu uçuş bir dəfə olsaydı, dözmək olardı, amma bir neçə dəfə olub. Belə olan halda əlbəttə ki, həmin hərbi vertolyot vurulmalı idi. Bu addımlar beynəlxalq hüququn kobud şəkildə pozulması, kimlərəsə arxalanmaq deməkdir, paylarını aldılar. Bilsinlər ki, Azərbaycan dövləti onların belə addımlarına cavab verməyə hazırdır”.

 

N. Məmmədov deyib ki, bir sıra ölkələr və qurumlar hadisə ilə bağlı tamam yalan, böhtan xarakterli məlumatlar yayıb: “Hətta “Euronews” telekanalının müxtəlif dillərdə gedən məlumatlarının bəziləri normal oldu, bəzi məlumatları dəyişdilər. Məqsəd nədir? Yaxud bir sıra ölkələr özünü beynəlxalq hüququn keşikçisi kimi göstərir, niyə bu hərbi təlimlə bağlı mövqe bildirmirlər? Əslində, Minsk Qrupunun həmsədrləri bu münaqişə ilə bağlı proseslərdə beynəlxalq hüququn təmsilçiləri olmalıdırlar. Bunu ortaya qoysunlar. Həmsədrlər desinlər ki, Ermənistanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirmək hüququ vardımı? Necə olur ki, hansısa ölkədə hərbi təlim keçiriləndə Avropa ölkələrində jurnalistlərindən, QHT-dən tutmuş dövlət rəhbərlərinə qədər gecə-gündüz yatmırlar, belə hərbi təlimlərin təhdid olduğunu bəyan edirlər, bizə münasibətdə niyə bunu demirlər? Bəlkə düşünürlər ki, Ermənistanın keçirdiyi hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə təminat verir? Təəssüflər olsun ki, ədalətsizlik göz qabağındadır”.

Trend.az