Dövlət Komissiyası: Ermənilər torpaqlarımızı işğal edərkən 870 nəfərdən artıq insanı sağ şəkildə ələ keçiriblər
“Belə qənaətə gəlmişik ki, ermənilər torpaqlarımızı işğal edərkən 870
nəfərdən artıq insanı sağ şəkildə ələ keçiriblər. Onlardan bir qismi döyüş zamanı əsir, bir qismi mülki şəxs kimi girov götürülüb. Girovların əksəriyyəti isə evlərindən məcburi çıxarılaraq girov
götürülüb”. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov Bakı Dövlət Universitetində (BDU)
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən konfransda deyib.
İşçi Qrupu rəhbərinin sözlərinə görə, indi erməni tərəfi onların
əlində belə insanların olmadığını deyirlər: “Lakin fakt faktlığında
qalır. Əgər 870 nəfərlə, heç olmasa onların bir hissəsi ilə bağlı
beynəlxalq təşkilatların müraciətlərini qəbul etsələr, özlərini həmin
təşkilatlar qarşısında biabır etmiş olacaqlar. Biz də çalışırıq ki, bu
məsələlər beynəlxalq təşkilatların diqqət mərkəzində qalsın”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir
düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlərdən söz açan Firudin Sadıqov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ilk illərdə əsir və itkin düşən azərbaycanlıların sayı 8 min nəfərə qədər olub. Onların bir çox hissəsi qaytarılıb, bir çox hissəsinin taleyinə isə aydınlıq gətirilib, dəfn yerləri, başqa ölkələrdə yaşamaları müəyyənləşdirilib: “Hazırda isə münaqişə zamanı itkin düşmüş kimi siyahıda olan 4016 nəfər vətəndaşımız var. Onlardan da böyük qrupunun döyüşlərin aktiv fazası zamanı ermənilər tərəfindən əsir və girov götürüldüyünə dair faktlar var. Bunlar şahid ifadələri ilə öz təsdiqini tapıb”.
O vurğulayıb ki, beynəlxalq humanitar hüquq ümumiyyətlə, münaqişələr zamanı mülki şəxslərin girov götürülməsini qadağan edir: “Hətta faşist Almaniyası işğal etdiyi şəhər və kəndləri boşaltmırdı. Ermənilər isə əvvəlcə azərbaycanlıları Ermənistanda qətlə yetirdilər, qalanlarını qovdular. Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdikdən sonra oradakı insanları qətlə yetirib, onlara qarşı soyqırım siyasəti həyata keçiriblər”.
Trend.az