DSMF sədri Elman Mehdiyev Saatlıda vətəndaşları qəbul edib
Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fondun Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Saatlı rayon şöbəsinə aparılıb-gətirilməsi təmin olunub.
“Açıq qapı” şəraitində keçirilən qəbulda Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Görüşdə 30-dan çox vətəndaşın müraciətlərinə baxılıb.
DSMF sədri Elman Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilib.
Sakinlər ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onları narahat edən məsələlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Apa.az