DÖVLƏT, VƏTƏNDAŞ VƏ QHT ƏLAQƏLƏRİ – Elnur Rüstəmov

Posted by

Dövlət və əhali (vətəndaşlar) təbii bir müvazinət fonunda əlaqədədirlər. Dövləti təşkil edən hər bir vətəndaşın, hətta bütün ölkə əhalisinin tələbi mümkün olduqca yüksək səviyyəli sərbəstlik və ya yüksək səviyyəli demokratik şərtlərə əsaslanan inzibati idarə üsuludur. Bunun nəticələri isə fərqli siyasi ideologiyalara görə müxtəlif yönlü və ya müxtəlif (çoxsaylı) tələblərlə çıxış edən cəmiyyətin formalaşması deməkdir. Bu kimi göstəricilərə qarşı dövlət daxili və xarici təhlükəsizlik baxımından vətəndaşların sərbəstliklərini müəyyən mənada məhdudlaşdırmaq məcburiyyətindədir.
Burada üzərində araşdırma apardığımız məsələ dövlətlə vətəndaş arasındakı əlaqələr və onların müxtəlif təzahür formalarıdır. Bu baxımdan tədqiq etdiyimiz ictimai birliklər və onların vətəndaş – dövlət münasibətlərində yeri vacib problemlərdəndir. Qeyd edək ki, QHT-lər müasir ifadəylə, siyasət meydanın, yəni dövlət təşkilatlarının xaricində qalan kütlə hissəsini əhatə edən bir təbəqədir. Bu isə o mənaya gəlir ki, QHT-lər dövlətdən asılı olmayan təşkilat olmaqla, həmin dövlətin müəyyən qisim vətəndaşlarını özündə birləşdirən birliklərdir. Ona görə də vətəndaş – dövlət əlaqələrində QHT-lərin ideoloji mövqeyi önəm kəsb etməkdədir. Eyni zamanda, cəmiyyətin formalaşmasına və ya inkişafına QHT-lərin təsiri də bir danılmaz fakt olaraq qalmaqdadır. Eynilə hüquqi dövlətin yaradılması və vətəndaş cəmiyyətinin formalaşması prosesi özü özlüyündə şəxsiyyətin inkişafına təsiri edən məsələlərdəndir.
Dövlətin vəzifəsi vətəndaşlarının sabitlik şəraitində və azad şəkildə bir arada yaşamalarını təşkil və təmin etməkdir. Dövlət ümumi əhalini maraqlandıran problemləri həll etmək və bütün əhalini əlaqələndirən qərarlar qəbul etmək məcburiyyətindədir. Bunun üçün dövlət lazım olan mütləq hakimiyyət gücünə sahibdir. Sahib olunan bu gücün mənfi amillərə istifadə edilməməyi üçün demokratik seçkilər vasitəsi ilə hüquqi təməllərə əsaslanan qanunvericilik və demokratik inzibati idarə üsulunun təmin edilməsi əsas şərtlərdəndir. Belə ki, hüquqi təməllərə əsaslanan demokratik cəmiyyətdə vətəndaşın müəyyənləşdirdiyi istiqamətlər onun xeyrinə müsbət təsirlər gücünə sahib olmalıdır.
Ümumiyyətlə klassik siyasi fəlsəfə dövlət və vətəndaş cəmiyyətinin təbiəti haqqında yazıların uzun tarixini təqdim edir. Hələ qədim zamanlarda – Platon (e.ə. 427-347), Aristotel (e.ə. 384-322), Siseron (e.ə. 106-43), orta əsrlərin sonunda – Tomas Hobbs (1588-1679), Nikkolo Makiavelli (1469-1527), Con Lokk (1632-1704), Şarl Lui Monteskyö (1689-1755), Jan Jak Russo (1712-1778), daha sonralar isə Emmanuil Kant (1724-1804), Tomas Peyn (1737-1809), Georq Vilhelm Fridrix Hegel (1770-1831), Karl Marks (1818-1883), Aleksis de Tokvill (1805-1859), Antonio Qramşi (1891-1937) kimi düşünürlər dövlət və vətəndaş cəmiyyətinin müəyyən mənada bir-birindən ayrıldığını qeyd edirdilər. Onlar öz müasirlərinə çatdırırdılar ki, dövlətdən başqa müstəqil, öz qanunları ilə yaşayan və buna görə də çox vaxt dövlətə tabe olmayan vətəndaş cəmiyyəti deyilən bir şey vardır.
XIX əsrdə isə vətəndaş cəmiyyətinin analizində xüsusi yeri Aleksis de Tokvillin “Amerikada Demokratiya” əsərində qeyd etdikləri yazılar tutur. Tokvillin vətəndaş cəmiyyətini “dövlət və fərdlər arasında ara təşkilatı kimi var olan, vətəndaşların sosial azadlıqlarını və bərabərliklərini realizə etdikləri azad assosiasiyalar” kimi tərif etməsi, vətəndaşların özlərinin və həmvətəndaşlarının sosial ehtiyaclarının qarşılanması üçün kifayət qədər fərqli assosiasiyalarda birləşməsi faktını ortaya qoyur. Tokvill öz məşhur əsərində “Amerikada Demokratiya” qeyd edir: “İnsanlar həm idarə olunmağı (onlara yol göstərməyi) həm də azad olmağı istəyirlər. Lakin bir-birinə əks görünən bu məşğuliyyətlərin heç birindən vaz keçmədikləri üçün insanlar ikisini də bir yerdə reallaşdırmağa can atırlar. Onlar yeganə, himayədar və bütün güclərlə təchiz edilmiş, lakin xalq tərəfindən seçilmiş hökumət (idarə üsulu) tapmağa çalışırlar. ….Hər bir halda, hər hansı bir “yeni”nin ortaya çıxdığı yerdə, məsələn Fransada – dövləti, İngiltərədə – hər hansı bir ərazi maqnatını görmək olarsa, əmin ola bilərsiniz ki, Amerikada bu yerdə assosiasiyaları görəcəksiniz.”
Ən yeni tarixdə isə mövzu ilə əlaqədar olaraq John Hallun “Vətəndaş cəmiyyətinin nəzəriyyəsi və tarixi” (1995) və John Keanenin “Dövlətlə vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi” (1998) ilə bağlı yazılar da daxil olmaqla bir sıra yazıların axını başlamışdır.
Hallun bu fikri ilə razılaşmaq olar ki, vətəndaş cəmiyyətini həm dəyər həm də sosial institutlar toplusudur və onu sosial özünüidarə formasında dövlətin qarşısında görmək fikri doğru deyildir. Belə bir fikir geniş yayılmışdır ki, güclü və müstəqil qruplar vətəndaş cəmiyyəti də daxil olmaqla dövləti tarazlaşdırmalıdır. Bu yanlış fikirdir, çünki dövləti təhlükə kimi görür. Bu cür düşüncə isə özünü vətəndaş cəmiyyətinin dövlətin olmadığı yerlərdə daha da yaxşı inkişaf edə biləcəyi fikirlərinin yer aldığı və əsasən sivil vətəndaş ənənələrinin zəif olduğu ölkələrdə daha qabarıq şəkildə önə çəkir. Hall israr edir ki, dövlət vətəndaş cəmiyyətinin müdafiəsi və əsas sosial şəraitlərin təmin edilməsi üçün vacibdir. Vətəndaş cəmiyyətinin və dövlətin davamlı qarşılıqlı əlaqədə olmağa ehtiyacları var. Dövlət onun təşkilati strukturunu qəbul edən vətəndaş cəmiyyətinin işləməsindən yararlanır, vətəndaş cəmiyyəti isə dövlətin nəzarətində çiçəklənir. Hall bu cür münasibəti “qarşılıqlı anlaşma” kimi təsvir edir.
Bildiyimiz kimi qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin əsas atributu hesab edilməkdədir. “Qeyri-hökumət” termini bu təşkilatların dövlət orqanlarına münasibətdə onların hökumətdən asılı olmayan və insanların öz iradələrinə uyğun olaraq birləşərək müstəqil şəkildə meydana gəlmələrini göstərir. Cəmiyyətin hər bir üzvünün cəmiyyətin sosial və digər problemlərinin həllində iştirak etmək haqqı vardır. Bu haqqın həyata keçirilməsinin ən faydalı, optimal, sərbəst surətdə həyata keçirilməsi imkanı QHT-lərin fəaliyyətində iştirak etməkdir.
Vebster Universitetinin professoru Yves Beigbeder “The Role and Status of İnternational Humanitarian Volunteers and Organizations (1991)” (Beynəlxalq Könüllülərin və Təşkilatların Rolları və Statusları) adlı əsərində Jorgen Lissnerə istinad edərək dövlət ilə QHT-lərin əlaqəsini altı xətt üzrə ayrıldığını qeyd edir. QHT-lərin oynaya biləcəyi birinci rol, sorğu sualsız şəkildə hökumətə “köməkçi” olmaq (subservient) roludur. Bu yolla QHT yerləşdiyi dövlətinin xarici siyasətinin maraqlarına və göstərişlərinə loyal olacaqdır. Burada sorğu-sualsız dedikdə əsasən maliyyə cəhətdən anlaşılmalıdır. Dövlət isə öz növbəsində onu qorxutmayan və narahat etməyən bu cür münasibətdən razı qalacaqdır.
İkinci rol QHT-nin “tərəfdaşlıq” (partnership) roludur. Dominantlıq və rəqabətdən daha çox dövlət və QHT könüllü sürətdə tərəfdaş olacaqlar. Məsələn, bəzən dövlətlər dəyişiklik etmək naminə güclü siyasi iradə yaratmaq üçün QHT-lərlə birləşərək mediadan birgə istifadə edirlər. Üçüncü yeri tutan “balanslaşdırıcı” (compensatory) rol, dövlətin səhvlərindən zərər çəkənlərin, kömək edilməyən və ya etmək istənilməyən insanlara yardım edilməsində QHT-lərin vacibliyini vurğulayır. QHT dövlətin qeyri-adekvat addımını görərsə, onu tənqid etmir, əksinə səhvin aradan götürülməsinə və xidmətin səviyyəsinin yüksəlməsinə köməklik edir.
QHT-lərin izləyə biləcəyi dördüncü missiya, “düzəldici” (corrective) roldur ki, burada QHT “səssizlərin səsi” inancı ilə xarakterizə olunur. Bu zaman QHT-lər ehtiyacların müəyyən olunması və keyfiyyətsiz siyasətlərin düzəldilməsi üçün hökumətə təzyiq etməklə məsuliyyət daşıyır. Növbəti beşinci rol “tabe olmama” (disobedient) roludur. Belə QHT-lər öz dəyərlərini üstün tutan və leqallığa qarşı biganə olmayanlardır. Tabe olmama ümumi deyil konkret bir qanuna və ya dövlət aktına qarşıdır. QHT ədalətliliyə və vətəndaş həmrəyliyinə yardım edən dini və əxlaq prinsiplərinə uyğun gəlməyən qanunların xalqın təzyiqi ilə dəyişəcəyinə ümid edir. QHT-nin fəaliyyəti inqilabi yox reformistdir. Sonuncu “müxalifətçi” (subversive) rolda mövcud siyasi rejimlə üst-üstə düşməyən dəyərlərə görə QHT ardıcıl olaraq rejimə tabe olmayan addımlar atır. Hökumətə müxalif olmaq demək istənilən vasitələrlə onun planlarını dağıtmaq deməkdir. Bu məhkəmələr yolu ilə rəsmi qərarları dəyişməklə layihələri idarə etmək, siyasi müxalifət qüvvələrinə və ya həmkarlar ittifaqları kimi digər ictimai hərəkatlara qoşulmaq, medianın və ya qeyri-rəsmi kommunikasiya vasitələrin istifadə etmək mənasını daşımaqdadır.
Günümüzdə əksər QHT-lər tərəfdaşlıq və balanslaşdırıcı yolu seçmişlər. Çox az bir hissəsi tabe olmama və müxalifətçi siyasətini izləyirlər. Fikrimizi məşhur Amerikan siyasi sosioloqu, professor Seymur Martin Lipsetin (1922-2006) mülahizələrinə yer verməklə yekunlaşdıraq. Lipsetə görə, əgər insanlar və ayrı-ayrı vətəndaşlar eyni zamanda bir neçə siyasi əhəmiyyətli ictimai birliklərə məxsus olsalar, bir-birlərinə etibar etməyi və bənzər sivil təcrübələri “öyrənsələr”, onda demokratiyanın sabit inkişafına şans da artır. Əks halda onlar arasında inamsızlıq yaranar ki, bu da onların siyasi cəhətdən passiv olmalarına səbəb olacaq. Bu baxımdan vətəndaşlar QHT-lərdə birləşmək yolu ilə dövlətin siyasi kursunun müəyyən edilməsində iştirak edir və sanki dövlət üzərində bir növ ictimai nəzarət funksiyasını yerinə yetirirlər.

Elnur A. Rüstəmov