Ədliyyə Nazirliyinin Kollegiyası “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.
Bu inzibati reqlamentə əsasən Ədliyyə Nazirliyi tərəfindən “http://www.e-gov.az” və “http://exidmet.justice.gov.az” elektron ünvanlarında doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbuluna dair elektron xidmət təqdim olunur.
İndiyə qədər valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda elektron xidmətdən istifadə etmək üçün onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənədin, uşağın doğumu haqqında tibbi şəhadətnamənin, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədin skan edilmiş surətlərinin elektron qaydada doldurulan ərizəyə əlavə edilməsi tələb edilib. Dəyişikliyə əsasən bundan sonra valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onları Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənədin skan edilmiş surəti deyil, valideynlərin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsinin elektron ərizəyə əlavə edilməsi tələb olunacaq.
APA