Cəlilabaddakı iki körpələr evi-uşaq bağçasında qidalanmanın dövlət standartına uyğun olmadığı müəyyən edilmişdir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabaddakı 1 və 3 nömrəli körpələr evi-uşaq bağçalarında qidalanmanın dövlət standartına uyğunluğunun araşdırılması məqsədilə nəzarət tədbirləri həyata keçirilmişdir.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, araşdırmalar zamanı bağçaların anbarlarında ərzaq məhsullarının saxlanma rejiminə əməl olunmadığı, hazırlanan yeməklərin kalorilik dərəcəsinin, zülal, yağ və karbohidratlarının miqdarının tibb işçisi tərəfindən hesablanmadan uşaqlara verildiyi müəyyən edilmişdir. Həmçinin 3 nömrəli uşaq bağçasında müvafiq menyunun olmadığı və digər nöqsanlar aşkarlanmışdır.
Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərlərinə vaxt verilmişdir.
AzərTac.az