BP və UNICEF Azərbaycanda uşaq təhsilinin inkişafı üzrə anlaşma memorandumu imzalayıblar

Posted by

BP və UNICEF Azərbaycanda uşaq təhsilinin inkişafı üzrə anlaşma memorandumu imzalayıblar

BP və UNICEF Azərbaycanda uşaq təhsilinin inkişafı üzrə anlaşma memorandumu imzalayıblar

BP və UNICEF Azərbaycanda uşaq təhsilinin inkişafı üzrə anlaşma memorandumu imzalayıblar

Bu gün “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından çıxış edən BP şirkəti və UNICEF planlaşdırılan böyük təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün anlaşma memorandumu imzalayıblar.

BP-dən Trend-ə verilən məlumata görə, “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub.

Bu memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə, xüsusən, BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını əhatə edir.

Layihənin dörd komponentdən ibarət olacağı planlaşdırılır: Ailə Təhsil mərkəzləri (məktəbəqədər yaşlı uşaqların ilkin vərdiş və bacarıqlara yiyələnməsi üçün), hər kəs üçün bərabər təhsil imkanı (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbdə təhsil alma imkanı), təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariya.

Bu layihənin yekunda təhsil sistemini təkmilləşdirərək təhsildəki nəticələri yüksəldən və təhsilin keyfiyyətini artıran nümunəvi modellər yaradacağı gözlənilir.

Anlaşma memorandumu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard tərəfindən imzalanıb. Bundan əlavə, UNICEF hökuməti təmsil edən iki maraqlı tərəf – Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə layihənin hər bir iştirakçısının vəzifələrini təsvir edən fəaliyyət planları imzalayıb.

Bu gün Bakıda keçirilən memorandumun imzalanması mərasimində çıxış edən Q.Birrell deyib: “Biz inanırıq ki, bu tərəfdaşlıq öz məqsədinə çatdığı təqdirdə, müvafiq regionlarda yeni və effektiv icma əsaslı məktəb modelinin yaradılmasına və beləliklə də Azərbaycandakı gənclər üçün imkanların artırılmasına yardım etmiş olacağıq. Bizim üçün uğur bu yeni modellərin real həyatda özünü doğrultduğunu və bütün Azərbaycanda davamlı təməl üzərində tətbiq olunduğunu görmək olacaq.”

M.Herevardın sözlərinə görə, UNICEF inanır ki, uşaqların bəhrələnə biləcəyi nəticələrə nail olmaq və onların hüquqlarını reallaşdırmaq üçün tərəfdaşlıqlar son dərəcədə əhəmiyyətlidir: “Biz Azərbaycandakı uşaqların təhsil almalarına yardım etmək üçün çox yaxşı məktəb modellərinin yaradılması istiqamətində hökumət və BP şirkəti ilə əməkdaşlıq etmək imkanı əldə etdiyimizə görə çox şadıq”.

Tədbirdə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov layihənin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, bu layihə təhsil sahəsində FHN, Təhsil Nazirliyi, UNICEF-in Azərbaycan nümayəndəliyi və BP arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaq. Nazir vurğulayıb ki, bu layihə çərçivəsində nəzərdə tutulan komponentlərin tətbiqi yerlərdə təbii fəlakətlərə hazırlıq səviyyəsini artıracaq.

Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov da layihənin əhəmiyyəti vurğulayaraq qeyd edib ki, təhsil sahəsində problemlərin yalnız dövlət qurumları tərəfindən deyil, bütün maraqlı tərəflərin iştirakı ilə həlli daha səmərəli nəticələr verir. Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən çoxsaylı layihələrlə yanaşı, beynəlxalq təşkilatlar, özəl sektor və qeyri-hökumət təşkilatları tərəfindən də təhsil sahəsində layihələrin həyata keçirilməsinin bu sahədə ümumi problemlərin həllində müstəsna əhəmiyyəti var.

 

Trend/az