Birinci Dünya Müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş alman-fransız anma həftəsinin açılış mərasimi keçirilib
Bakıda Birinci Dünya Müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş alman-fransız anma həftəsinin açılış mərasimi – “Paris və Berlin 1914-cü ildən əvvəl” adlı sərgi keçirilib.
APA-nın xəbərinə görə, Almaniya və Fransa səfirliklərinin, Azərbaycandakı Fransız Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən anma həftəsinin açılış mərasimində Almaniyanın və Fransanın Azərbaycandakı səfirləri Haydrun Tempel və Paskal Monye çıxış edib.
Səfir xanım Haydrun Tempel qonaqları salamlayaraq tədbirin məqsədi barədə məlumat verib. O, birinci dünya müharibəsini 20-ci əsrin ən böyük faciəsi adlandırıb. Səfir o zaman müharibə şəraitində olan iki ölkənin hazırda yaxın dostluq və tərəfdaşlıq münasibətləri olduğunu qeyd edib. Daha sonra Fransa səfiri Paskal Monye tədbirdə çıxış edərək, 100 il bundan öncə başlayan Birinci Dünya Müharibəsində 72 ölkənin iştirak etdiyini, bu müharibədə 18 milyon insanın həyatını itirdiyini qeyd edib. Paskal Monye müharibənin ağrılı məsələ olduğunu qeyd edərək regionda və bütün dünyada sülhün və barışığın vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, sərgidə Fransız sənətkarı Fernand Zakotun 20-ci əsrin əvvəllərində Parisi əks etdirən stereoskopik şəkilləri və Berlin Arxivinin kolleksiyasından götürülmüş 20-ci əsrin əvvəllərində Berlini əks etdirən fotoşəkillər nümayiş olunub. Noyabrın 28-dək davam edəcək anma həftəsi çərçivəsində “Qərb cəbhəsində yenilik yoxdur” filminin nümayişi, alman tarixçisi Volker Venorun “Meqalomania: Alman reyxi və Qafqaz Birinci Dünya Müharibəsində” mövzusunda məruzəsi, Fransız Mədəniyyət İnstitutunda Jan Klod Leskur-un Birinci Dünya Müharibəsi haqqında kitabının təqdimatı və s. nəzərdə tutulur.
Apa.az