Binəqədi Mərkəzi Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib
Binəqədi rayonundakı Mərkəzi Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Madər Musayev və rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.
Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova bildirib ki, 1901-ci ildə inşa edilən binada ilk dəfədir ki, əsaslı təmir işlərinin aparılır, müasir tələblərə cavab verən şərait yaradılıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində bir çox işlər görülüb və çoxsaylı layihələr həyata keçirilib: “Bu gün qədim Binəqədi kəndində əsaslı təmir olunmuş böyük ənənəyə malik olan bir Mədəniyyət Evi açılır. İnanıram ki, bir əsrdən çox yaşı olan bu mədəniyyət ocağında formalaşmış ənənələr bundan sonra da davam və inkişaf etdiriləcək. Burada fəaliyyət göstərən instrumental ansambl, rəqs kollektivləri, xalq teatrı daha da yüksək nəticələr əldə edəcək”
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, Azərbaycanda mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Tədbir iştirakçılarına mədəniyyət ocağının nəzdində fəaliyyət göstərən “Pöhrə” rəqs qrupu və “Qönçə” instrumental ansamblının ifasında rəqslər və mahnılar təqdim olunub.
Apa.az