Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız təzyiqlər heç bir nəticə verməyəcək

Posted by

Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız təzyiqlər heç bir nəticə verməyəcəkBeynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız təzyiqlər heç bir nəticə verməyəcək

Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız təzyiqlər heç bir nəticə verməyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin Madriddə keçirilən və iki gün davam edən iclaslarında Azərbaycanla bağlı bir sıra məsələlər də yer alıb.

Komitənin iclasında Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov iştirak ediblər. İclas çərçivəsində AŞPA rəhbərliyinin təşkilatçılığı ilə keçirilən, “Milli parlamentlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməkdə rolu” adlı xüsusi dinləmələrə isə azərbaycanlı deputatlar Rafael Hüseynov və Əli Hüseynli qatılıblar.

Hüquqi işlər və insan haqları komitəsində lüksemburqlu deputat Yves Kruçentenin hazırladığı “Avropada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə yaradılan yersiz məhdudiyyətlərin qarşısını necə almalı” adlı məruzə ilə bağlı da müzakirələr aparılıb. Eyni zamanda, həmin iclasda ispaniyalı deputat, Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunun hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan haqlarının qorunması ilə bağlı vəziyyət” adlı hesabat təqdim edilib. Komitə iclasında hər iki mövzu üzrə Azərbaycanla bağlı ifadə olunan mövqelərlə əlaqədar deputat Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandıraraq bir sıra təfərrüatlara toxunub. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, o cümlədən bəzən Avropa Şurasında da ikili standartların təzahür etdiyini vurğulayan R.Hüseynov deyib: “Azərbaycan Avropa Şurasına üzv olduğu 14 il ərzində ilk gündən başlayaraq mütəmadi şəkildə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana təcavüzü məsələsini qaldırıb. Azərbaycanın lap əvvəldən bu məsələni prioritet olaraq seçəcəyi hər kəsə bəlli idi və erməni lobbisi, onun Avropa Şurasında araqarışdırıcı təsir imkanları olan qüvvələri də elə 2001-ci ildən etibarən Parlament Assambleyasında bizim bu istiqamətdəki səylərimizə maneələr yaratmağa başlayırdılar. Qondarma “siyasi məhbus” problemi belə tələlərdən biri idi. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edir və AŞPA-dakı nümayəndə heyətimiz də kifayət qədər fəaldır. Aparılan düzgün siyasətin nəticəsində keçən sessiyada Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi haqqında ayrıca hesabatın hazırlanması ilə əlaqədar məruzəçi təyin edilib və bu, böyük uğur kimi qiymətləndirilməlidir. Təbii ki, Ermənistan, erməni lobbisi və onlarla əlaqədar anti-Azərbaycan qüvvələr bunun müqabilində bizə qarşı köhnə məkrli xətlərinə uyğun olaraq müxtəlif əks tədbirlər həyata keçirməyə cəhd edirlər. Azərbaycan əleyhinə saxtakar, qərəzli tənqidlər təşkil edərək diqqəti əsas hədəfdən – Ermənistanın işğalçı əməllərinin fəsadlarından yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar. Elə komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri G.Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır. Azərbaycan hökumətinin tutduğu aşkarlıq xətti, korrupsiya hallarının qarşısını almaq üçün bütün sahələrdə, o cümlədən QHT-lərin də maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi təşəbbüsləri ölkəmizdəki ayrı-ayrı QHT-lərə xaricdən çirkli pullar axıdan, yaxud hətta qanuni maliyyəni də çirkli məqsədlərə yönəldənləri hövsələdən tamamilə çıxarıb. Onlar ifşa olunduqca daha artıq azğınlaşır, daha çox böhtanlar uydururlar. Avropanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycandakı QHT-lərin sayı da artıqdır, onlara yaradılan şərait də qat-qat yaxşıdır və həmin istiqamətdə müsbət irəliləyişlər bundan sonra da olacaq. Xaricdən əleyhimizə işləyən, inkişafımızı gözü götürməyən zümrələrsə bizə qarşı mümkündür ki, gələcəkdə daha başqa fitnə və böhtanlara əl atsınlar. Lakin beynəlxalq təşkilatlarda çoxdan müşahidə etdiyimiz ikili standartlar, qərəzli, subyektiv yanaşmalar, müxtəlif ədalətsiz təzyiqlər Azərbaycanı heç vaxt düz yolundan döndərə bilməz. Mübarizə hər gün davam edir və bütün belə hallara qarşı həmişə deyəcək sözümüz, gətiriləcək tutarlı arqumentlərimiz var.

Deputat P.Aqramunun məruzəsinə gəlincə, bu hesabat içərisində müəyyən tənqidlər əks olunmasına baxmayaraq, bütövlükdə müsbət qiymətləndirilə bilər. Həmin məruzə İspaniya parlamentində sadəcə təqdim olundu, müzakirəsi isə dekabrda, komitənin Parisdəki iclasında baş tutacaq. Təbii ki, biz orada da qəti mövqeyimizi bir daha ifadə edəcəyik”.

 

AzərTac.az