Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Posted by

Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Kommunikasiya və media məsələləri üzrə beynəlxalq istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Türkiyənin Elm, Təhsil və Texnologiya Assosiasiyasının (TASET), Sakarya, Anadolu, İstanbul Universitetlərinin təşkilatçılığı ilə düzənlənən bu mötəbər toplantıya 20-dən artıq ölkədən ABŞ, Kanada, İtaliya, Almaniya, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Yaponiya, Çin, Filippin, Cənubi Afrika Respublikası, Portuqaliya, Gürcüstan, Ukrayna və digər ölkələrin tanınmış media mütəxəssisləri, yeni media, informasiya və kommunikasiya texnologiyaları (İKT), habelə informasiya və ictimaiyyətlə əlaqələr üzrə ekspertlər, jurnalist kadrları hazırlığı ilə məşğul olan bir sıra universitetlərin professorları qatılıblar.

 

Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli təmsil edib.

 

Konfransın müxtəlif sessiyalarında online jurnalistikanın nəzəriyyəsi və metodologiyası, rəqəmsal medianın əsasları, vizual kommunikasiya, multimedia şəbəkəsi, Facebook, Twitter, Youtube, Google və digər sosial şəbəkələrin inkişafı, bu şəbəkələrin yeni mediaya inteqrasiyası, habelə reklam işinin təkmilləşdirilməsinin yeni medianın tərəqqisində rolu ilə bağlı məsələlər müzakirə olunub. Media mütəxəssislərinin məruzələri dinlənilib, fikir və təcrübə mübadiləsi aparılıb.

 

Z.Məhərrəmli “Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: yeni media mühüm platforma kimi” mövzusunda məruzə edib. O, hazırda bütün dünyada, o cümlədən ölkəmizdə informasiya cəmiyyəti qurulmasının prioritet istiqamətlərdən olduğunu, son illər ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunu xeyli artırdığını söyləyib.

 

Qeyd olunub ki, bu gün yeni media Azərbaycan cəmiyyətində aşkarlığın, sərbəst və fərqli düşüncənin tribunası kimi özünü təsdiq etmiş, ölkədə mətbuatın özünü tənzimləməsini həyata keçirən Mətbuat Şurası fəaliyyət göstərir, Jurnalistlərin Etik Davranış Kodeksi qəbul edilib. Azərbaycanda İKT, İnternet dinamik inkişafa başlamış, rəqəmsal sistemin tətbiqi böyük vüsət almış, yeni texnologiyalar geniş yayılıb.

 

İclsada həmçinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” məqsədi qeyd olunub. Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyi, həmin sənəddə KİV-lə, yeni media ilə əməkdaşlıq məsələlərinə də önəm verildiyi vurğulanıb.

 

Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən KİV-lə əməkdaşlıq istiqamətində gördüyü işlər konfrans iştirakçılarının marağına səbəb olub, bununla bağlı səsləndirilən suallar ətraflı cavablandırılıb.

 

Beynəlxalq toplantı interaktiv müzakirələr, fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb, konfransın işində fəal iştirak edən nümayəndələrə sertifikatlar verilib.

 

Aparatın əməkdaşı konfrans iştirakçılarına Müvəkkilin illik məruzələrini, bəyanatlarını, təsisatda hazırlanmış hüquqi nəşrləri təqdim edib..

 

Sia.az