Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçirib

Posted by

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçirib

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçiribBakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçirib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK sədri Sabir Rüstəmxanlı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsi tarixinə nəzər salaraq bildirib ki, illər ötdükcə bu hadisənin Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı aydın dərk olunur. O deyib ki, Bakının azad olunması nəinki Azərbaycanın, bütün Qafqazın siyasi həyatında əhəmiyyətli rol oynayıb: “Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir. Bu, bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Bu gün torpaqlarımızın işğalda olduğu bir vaxtda bu hadisənin xatırlanması bir daha sübut edir ki, biz öz gücümüzü lazımi qədər dəyərləndirə bilməmişik. O vaxt Bakı işğaldan azad olunmasaydı, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi”.

S. Rüstəmxanlı qeyd edib ki, Bakını işğaldan azad edənlərin xatirəsi əbədiləşdirilməlidir: “Təəssüf ki, biz bu günə qədər türk-islam ordusunun Azərbaycan üçün gördüyü işləri əbədiləşdirmək üçün muzeylərin yaradılması, abidələrin qoyulması sahəsində iş görə bilməmişik. Biz bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik və yenidən müraciət etməyi düşünürük”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında bəzi tarixçilərin Nuru Paşanın Bakını azad etməsi və Azərbaycandakı soyqırımların qarşısını almasına düzgün qiymət vermədiklərini vurğulayıb: “Bəzi tarixçilərimiz Nuru Paşa şəxsiyyətinə birmənalı yanaşmırlar. Onlar Nuru Paşanın Azərbaycanı işğal etməyə gəldiyini iddia edirlər. Lakin bu, səhv düşüncədir. Çünki o zaman Osmanı İmperiyası özü də pis durumda olmasına baxmayaraq, Ənvər Paşa bir türk dövlətinin təcavüzə məruz qaldığını görərək Nuru Paşanın rəhbərliyi altında Azərbaycana kömək üçün ordu göndərdi. Bu hadisələr araşdırılaraq düzgün nəticəyə gəlinməlidir”.

Tədbirin digər iştirakçıları da Bakının erməni-bolşevik hərbi birləşmələrindən azad edilməsinin əhəmiyyəti barədə çıxış ediblər.