Bakıda I Azərbaycan Ətraf Mühit Forumu keçirilir
Bu gün Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilir.
Trend-in məlumatna görə, “Azərbaycanın yaşıl sabahını birgə quraq” şüarı altında baş tutan forum ölkənin ətraf mühit sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirərək ölkəmizdəki mövcud ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılması üçün vahid platforma rolunu oynayıb.
Tədbirin əvvəlində İDEA tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə cıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanın bütün sahələrdə inkişafı göz qabağındadır və hər bir sahədə vətəndaş cəmiyyətinin bu prosesdə rolunun olması vacibdir: “Ətraf mühitdə insanların rolu daha vacibdir. İllər ərzində ölkədə bu sahədə çox işlər görülür. Ətraf mühit sahəsində geriyə baxanda təəccüblə fikirləşirik ki, problemləri necə həll etdik?!”
Nazir deyib ki, cəmiyyətin diqqət mərkəzində olan bir çox məsələlər, o cümlədən yaşıllıqların salınması, tullantıların idarə olunması, mühafizə olunan ərazilərin genişləndirilməsi, onların daha keyfiyyətli idarə olunması sahəsində müasir dövlətlərə xas olan infrastrukturun yaradılması vacib şərtdir.
H.Bağırovun sözlərinə görə, Azərbaycada 1 milyona yaxın əhalinin hələ də qazlaşdırılmayan ərazidə yaşamasına baxmayaraq, odundan istifadə ilə bağlı da müəyyən nailiyyətlər əldə edilib: “Həmin insanlar odundan istifadə etmək məcburiyyətindədirlər. Buna baxmayaraq, burada da nailiyyətlər var. Hətta peykdən əldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300, 400, 500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər tünd yaşıl rəngə çevrilməkdədir. Bunun nəticəsində isə meşələrimizin ərazisi 0,4% artıb”.
H.Bağırov qeyd edib ki, ölkədə təhlükəli tullantıların idarə olunmasında çox yaxşı nailiyyətlər əldə edilib. Ətraf mühit sahəsində 3-cü sektorla dövlət orqanlarının münasibətləri də çox intensivdir, tərəflərin münasibətlərinin düzgün formalaşması üçün platformaları var. Bununla yanaşı, ETSN-də ətraf mühitlə bağlı Ekoloji Şura formalaşıb: “Şuranın iclaslarında iştirak sərbəstdir. Bir çox vacib, ətraf mühitə təsirləri müşahidə olunan iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri mütləq Şurada müzakirə edilir. Bundan sonra sənədlər QHT-lərin rəyləri nəzərə alınmaqla formalaşır. Həmin rəy isə ictimai rəyə çevrilir”.
Nazir deyib ki, güclü vətəndaş cəmiyyətinə ehtiyac var: “Daxili möhkəmlik, birlik çox vacibdir. Bu forumu çağıran İDEA hərəkatı hərtərəflıi geniş tədbilər həyata keçirir, irihəcmli layihələrə dəstək verir”.
Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek qeyd edib ki, ətraf mühitin qorunması işində birgə əmək, qarşılıqlı əməkdaşlıq çox vacib faktordur. Bu işə gənclərin cəlb olunmasını vacib hesab edən BMT rəsmisi IDEA İctimai Birliyinə ətraf mühitin qorunmasına gənclərin fəal şəkildə cəlb olunmasına görə təşəkkür edib.
A.Broek bildirib ki, bütün dünyada artıq daha çox insan ətraf mühit məsəllərinə əvvəlki kimi yanaşmağın düzgün olmadığını başa düşməyə başlayır. Yer planetini xilas etmək və dünyada, o cümlədən Azərbaycanda yaşayan insanlar üçün dayanıqlı gələcəyi təmin etmək üçün bütün isanların birgə, geniş fəaliyyəti tələb olunur. Bu baxımdan vətəndaş cəmiyyətinin bu sahəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir.
BMT rəsmisi əminliklə deyib ki, bugünkü forum Azərbaycanda, eləcə də dünyada ətraf mühitin vəziyyətinə və dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda ətraf mühit sahəsində həyata keçirilən unikal təşəbbüslərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya öz təşəkkürlərini bildirib, IDEA-nın fəaliyyətinə uğurlar arzulayıblar. Forum daha sonra iki fərqli diskussiya paneli ilə davam edib.
“Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu” başlığı altında keçirilən birinci paneldə yerli ekoloji təşkilatların nümayəndələrinin çıxışı ilə məruzələr səslənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Trend.az