Bakı Ali Neft Məktəbinin rektoru Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Posted by

Bakı Ali Neft Məktəbinin rektoru Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuin Bakı Ali Neft Məktəbində olmuşdur.

Məktəbdən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verən ali məktəbin rektoru Elmar Qasımov bildirmişdir ki, Avropa Kredit Transfer sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulmuşdur ki, bu əlaqələr nəticəsində Bakı Ali Neft Məktəbində həmin universitetin tədris proqramları tətbiq olunur, eyni zamanda dərslərdə keyfiyyətə nəzarəti, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi partnyor universitet tərəfindən həyata keçirilir və sonda ali təhsillərini uğurla başa vuran tələbələrə iki diplom – həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot Vatt Universitetinin diplomları verilir.

Daha sonra E.Qasımov Bakı Ali Neft Məktəbinin dünyanın tanınmış universitetlərindən birinə çevrilməsi üçün bu istiqamətdə aparılan işlər haqqında qonağa məlumat verərək qeyd etmişdir ki, bu məqsədə nail olmaq üçün ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi və müasir təcrübələrdən faydalanması olduqca vacib məsələlərdəndir. O vurğulamışdır ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Çin Xalq Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması Bakı Ali Neft Məktəbi üçün xüsusi maraq kəsb etməkdədir.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsuin Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd etmiş, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir addım olduğunu vurğulamışdır. O, bu təhsil ocağının ÇXR-nın müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir.

Görüşün sonunda Səfir Xun Tsuinə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilmişdir.