Baş nazirin müavini: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün müraciət etdiyimiz bəzi beynəlxalq təşkilatlardan cavab almışıq

Posted by

Baş nazirin müavini: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün müraciət etdiyimiz bəzi beynəlxalq təşkilatlardan cavab almışıq

“Girovların və Həsən Həsənovun ailəsini mənzillə təmin edəcəyik”

 

Baş nazirin müavini: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün müraciət etdiyimiz bəzi beynəlxalq təşkilatlardan cavab almışıq

“Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT baş katibinə, Avropa Şurası və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Dünyada elə bir beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərməyim”.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Baş nazirin müavini bəzi beynəlxalq təşkilatlardan müraciətə cavab gəldiyini də bildirib: “Həmin cavabların bəzilərində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər də var, bəzilərində isə məsələyə müsbət yanaşılıb. Bəzi təşkilatlar ermənilərin bu əməllərini həqiqətən də pisləyir və qanunsuz hesab edirlər. Onların bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də var. Həmin təşkilatlar bu işlə məşğul olduqlarını bildirirlər”.

 

Ə. Həsənov deyib ki, Azərbaycan vətəndaşları hüquqa zidd olan heç bir addım atmayıblar: “Onlar torpağını, vətənini, xalqını sevən insanlardı. Öz doğma yurd-yuvalarına, ata-babalarının məzarlarını, kəndlərini ziyarət etməyə gediblər. Ermənistan hakimiyyəti isə faşist əməllərindən əl çəkməyərək, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozub, onları girovluqda saxlayır”.

 

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə bu məsələni qaldırıb, hazırda da girovların geri qaytarılması üçün lazımi işlər görülür. Bu məsələ gündəlik olaraq ölkə rəhbərinin nəzarətindədir. “Prezident İlham Əliyevin tapşırığı ilə mən onların ailə üzvləri ilə görüşmüşəm. Biz hər üç ailəni mənzillə təmin edəcəyik. Həmin ailələrin üzvləri ilə tez-tez görüşürük, onların qayğı və problemləri ilə maraqlanırıq, lazımi köməkliklər göstəririk və bu davam edəcək”.

 

Komitə sədri girovluqda olan Şahbaz Quliyevin həyat yoldaşının işlə də təmin edildiyini bildirib.

 

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

Apa.az