Baş konsul: Minsk qrupunun uğursuzluğunun əsas səbəbi Ermənistana real təzyiqin göstərilməməsidir

Posted by

Baş konsul: Minsk qrupunun uğursuzluğunun əsas səbəbi Ermənistana real təzyiqin göstərilməməsidir

Baş konsul: Minsk qrupunun uğursuzluğunun əsas səbəbi Ermənistana real təzyiqin göstərilməməsidir

 

Baş konsul: Minsk qrupunun uğursuzluğunun əsas səbəbi Ermənistana real təzyiqin göstərilməməsidir

“Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik son 20 ildə Fransa, Rusiya və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk qrupuna həvalə edilsə də, indəyə kimi nəzərəçarpan irəliləyiş əldə olunmayıb. Bu uğursuzluğun əsas səbəbi beynəlxalq ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, işğala son qoyulması və qaçqınların öz evlərinə qayıtmasına imkan vermək üçün Ermənistana sanksiyalar və ya başqa formada real təzyiqin tətbiq olunmamasıdır”. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan “The Hill” qəzetində dərc olunan məqaləsində deyilir.

N.Ağayev məqaləsində qeyd edib ki, həmsədrlərin bu işdə kifayət qədər səy göstərməməsi Ermənistanı və erməni lobbisini Ermənistanın Qarabağda törətdiyi cinayətləri ört-basdır etməyə və qanunsuz işğalın qanuniləşdirilməsinə çalışmağa cəsarətləndirir: “Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair AJR 32 saylı qətnaməsi də bu səylərin bir hissəsidir”.

Məqalədə deyilir ki, Kaliforniya Senatı sözügedən qətnaməni erməni lobbisinin təzyiqi altında qəbul edib və bu qətnamə ABŞ-ın xarici siyasətinə və onun milli maraqlarına ziddir.

Baş konsul yazır ki, belə qətnamələr ABŞ-ın bu regiondakı imicinə, ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində qərəzsiz vasitəçilik səylərinə xələl gətirir və müvafiq olaraq, ölkənin öz maraqlarını həyata keçirmək bacarığını zəiflədir.

Məqalədə qeyd olunur ki, erməni lobbisi vəsaitini Amerika siyasətinə müdaxiləyə etməyə xərcləməkdənsə, əsas diqqətini Ermənistanı bürüyən ağır çətinliklərə yönəltməlidir: “Ermənistan demoqrafik, iqtisadi və siyasi böhran içərisindədir. On minlərlə gənc vətənində heç bir şərait görmədiyi üçün yaxşı həyat naminə xaricə köçür. Ötən il BMT-nin Əhali Fondunun sorğusu göstərdi ki, bacarsaydılar, gənc ermənilərin təxminən 80 faizi xaricə köçərdi. Bir milyondan artıq erməni Ermənistan müstəqillik əldə etdikdən sonra ölkəsini birdəfəlik tərk edib. Ermənistanın sosial infrastrukturu tədricən dağılır, əsasən, xarici yardım və pul köçürmələrindən asılı olan iqtisadiyyatı durğundur. Ölkə siyasətçiləri isə yayılan korrupsiyanın təsiri altındadır”.

N.Ağayev məqaləsində vurğulayıb ki, ərazilərinin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan uğur qazandı: “Azərbaycan postsovet uğurunun nümunəsinə çevrildi”.

Məqalədə deyilir ki, Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirməyi davam etdirdi və ölkə iqtisadiyyatı bütün Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizini təşkil edir: “Ölkədə yoxsulluq dərəcəsi 2001-ci ildəki 50 faizdən hazırda 6 faizə düşüb. Paytaxt Bakı müasir meqapolisə çevrildi. Azərbaycanda ölkənin tərəqqisinə öz töhfəsini verməyə çalışan dinamik gənc mütəxəssislərin yeni nəsli formalaşır”.

Baş konsul qeyd edib ki, Azərbaycan ABŞ ilə güclü əlaqələr qurdu və mürəkkəb regionda onun etibarlı dostu və tərəfdaşına çevrildi: “Azərbaycan Əfqanıstana sülhməramlı qüvvələrini göndərdir və ABŞ qüvvələri və oradakı avadanlıqlar üçün mühüm nəqliyyat dəhlizi təmin etdi. Ölkəmiz beynəlxalq terrorizmə qarşı da mühüm tərəfdaş oldu. Azərbaycan Avropaya enerji dəhlizini açaraq, ABŞ-ın müttəfiqlərinə öz enerji təhlükəsizliyini gücləndirməyə kömək edir”.

 

Trend.az