Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə işini bərpa edib
Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə işini bərpa edib və bir müddət əvvəl ölkədə vəziyyətin gərginləşməsi səbəbindən səfirliyi tərk etmiş bütün diplomatlar Qahirə qayıdıblar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.
Onun sözlərinə görə, ölkədəki məlum hadisələrdən sonra Azərbaycanın diplomatik nümayəndəliyi ancaq səfir və bir diplomat heyəti ilə işləyirdi: “Qalan diplomatlar və onların ailə üzvləri Misirdə vəziyyətin gərginləşməsindən sonra avqustun sonunda ölkədən təxliyyə edilmişdilər”.
Ş. Abdullayev qeyd edib ki, diplomatlar ilə birlikdə Azərbaycan vətəndaşlarının bir hissəsi də Misirə qayıdıb: “Həmin vətəndaşlar bu hadisələrədək Misirdə işləyir və təhsil alırdılar. Hazırda Misirdə nisbi sakitçilikdir, lakin demək olmaz ki, ölkədə vəziyyət tam sabitləşib”.