Azərbaycanın baş epidemioloqu: “Hazırda ölkədə qriplə bağlı epidemioloji baxımdan insanları narahat edəcək vəziyyət yoxdur”

Posted by

Azərbaycanın baş epidemioloqu: “Hazırda ölkədə qriplə bağlı epidemioloji baxımdan insanları narahat edəcək vəziyyət yoxdur”

“Hazırda Azərbaycanda qriplə bağlı vəziyyət tam sabitdir və epidemioloji baxımından insanları narahat edəcək vəziyyət yoxdur”.

 

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev APA-ya açıqlamasında deyib ki, əgər bu gün ölkədə 10, 100, 1000, 10 000 nəfərin qriplə xəstələnməsi 10 milyona yaxın əhali üçün adi bir haldır. Onun sözlərinə görə, bu günə kimi ölkədə qrip pandemiya və ya böyük bir epidemiya şəklində olmayıb: “İnsanlar qripə yoluxur və müəyyən müddətdən sonra sağalırlar. Qripdən ölüm halı da qeydə alınmayıb. Dünyanın hər bir yerində qrip var, olub və yenə də olacaq. İnsanlar qripdən özləri qorunmalıdırlar. Dünyanın heç bir ölkəsində Səhiyyə Nazirliyi qripə qarşı xüsusi tədbirlər həyata keçirmir. Yalnız qrip kütləvi epidemiya, pandemiya halı alarsa, onda ölkədə qərar verilərək buna qarşı mübarizə aparılır və müvafiq olaraq vaksinasiya tədbirlər görülür”.

 

Baş epidemioloq qeyd edib ki, hər bir insan qripdən özünü qorumalı, soyuq havalarda geyimlərinə fikir verməlidirlər: “Bəzi insanlar ailədə, ümumi nəqliyyatda, ictimai yerlərdə qripin olduğunu bilərək xəstə insanlarla öpüşüb-görüşürlər. Ailədə də qripin daha da yayılmasına şərait yaradırlar. Qriplə bağlı epidemioloji vəziyyət yaransa, əhalidən qabaq Səhiyyə Nazirliyi və biz onunla mübarizəyə qalxacağıq. Əgər ölkədə hər hansı bir yoluxucu xəstəlik baş verərsə, Səhiyyə Nazirliyinin bütün tibb idarələri bunun qarşısını almağa hazırdır. Amma hazırda qriplə bağlı heç bir təhlükə yoxdur və insanlar narahat olmasınlar”.