Azərbaycanlı turistlər istirahət yerlərini dəyişirlər

Posted by

Azərbaycanlı turistlər istirahət yerlərini dəyişirlərAzərbaycanlı turistlər istirahət yerlərini dəyişirlər

Azərbaycanlı turistlər istirahət yerlərini dəyişirlər

Son vaxtlar azərbaycanlı turistlər ABŞ-da və Asiya ölkələrində istirahətə daha çox üstünlük verirlər. Bu barədə Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

 

N.Bağırov qeyd edib ki, ABŞ-da istirahətə tələbatın artmasına ilk növbədə Bakı-Nyu York-Bakı birbaşa aviareysinin açılması yardım edib. Onun sözlərinə görə, ABŞ vətəndaşları arasında da Azərbaycana maraq müşahidə olunur və gələcəkdə amerikalılar üçün tanışlıq turlarının təşkili planlaşdırılır.

 

“Azərbaycan Hava Yolları”nın təyyarələri sentyabrın 24-dən Bakı-Nyu York-Bakı birbaşa müntəzəm reysini reallaşdırmağa başlayıb. Reyslər orta magistral uçuşlar üçün nəzərdə tutulan “Airbus-340” təyyarələri ilə həyata keçirilir.

 

Assosiasiya rəhbərinin sözlərinə görə, Asiya ölkələrinə gəldikdə, azərbaycanlı turistlər əsasən Sinqapur, Tailand və Malayziyaya üstünlük verirlər: “Asiya ölkələrində istirahət azərbaycanlı turistlər arasında getdikcə populyarlaşır. Əvvəllər insanlarda uzaq ölkələrə getmək həvəsi yox idi, indi isə tələbatın artmasına, məsələn, “Qatar Airways” kimi aviaşirkətlərin yaxşı tranzit və birləşdirici reysləri yardım edir”.

 

Ümumdünya Turizm Təşkilatının hesabatına görə, Asiya-Sakit okean regionu sürətlə inkişaf edən turizm istiqamətlərindən biridir. 2014-cü ilin yanvar-avqust aylarında bu regiona beynəlxalq səfərlər 5 faiz artıb ki, bu da son illər müşahidə olunan artımın möhkəmlənməsindən xəbər verir.

 

Buna baxmayaraq, AzTA rəhbəri qeyd edib ki, azərbaycanlı turistlər arasında populyarlığına görə birincilik yenə də Türkiyə və Dubaya məxsusdur, daha sonra Avropa ölkələri gəlir.

 

N.Bağırovun sözlərinə görə, ümumilikdə son vaxtlar daxili turizmə tələbat artır: “Azərbaycan vətəndaşları getdikcə başqa ölkələrdə deyil, ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Regionlarda hotellərin sayı artır, xidmət səviyyəsi yüksəlir, hotellər şou proqramlara daha böyük diqqət ayırırlar. Bütün bunların hamısı yerli turizmə tələbatın artmasına gətirib çıxarır”.

 

O deyib ki, ölkədə istirahət üçün ən populyar regionlar Qusar və Qəbələ rayonlarıdır: “Bu, qış dövründə “Şahdağ” Dağ-Xizək Kurortu, yerdə qalan vaxtlarda isə şübhəsiz ki, Qəbələdir. Tutaq ki, siz Yeni ili “Şahdağ” hotellərindən birində keçirmək istəyirsiniz. Amma çətin ki, orada boş yer tapa biləsiniz. Qəbələdə də eynilə belədir”.

 

Trend.az