Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisasları üzrə qəbul zamanı vahid imtahan tətbiq olunacaq

Posted by

Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisasları üzrə qəbul zamanı vahid imtahan tətbiq olunacaqGələn ildən ali məktəblərə qəbul qaydalarının liberallaşması nəzərdə tutulur

Azərbaycanda texnikumlara və ali məktəblərin bəzi ixtisasları üzrə qəbul zamanı vahid imtahan tətbiq olunacaq

Gələn ildən ali məktəblərə qəbul ilə bağlı qaydaların liberallaşması nəzərdə tutulur.

 

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbul aparılırdı, lakin gələn ildən 11 illik bazadan texnikumlara qəbul buraxılış imtahanının nəticəsində aparılacaq.

 

“Onlar qəbul imtahanı vermədən buraxılış imtahanlarının nəticələrinə əsasən texnikumlara qəbul ola biləcəklər. Təbii ki, XI sinif şagirdlərinə həm də ali məktəblərin imtahanlarında iştirak etmək imkanı verilir. Şagirdlərin seçimindən asılı olaraq onlar ya ali məktəblərə sənəd verə bilərlər, istəmirlərsə buraxılış imtahanı nəticəsində texnikuma qəbul ola biləcəklər”, – deyə o vurğulayıb.

 

M. Abbaszadə əlavə edib ki, daha bir yeniliyə əsasən, gələn ildən III qrupda qabiliyyət tələb edən ixtisasları və IV qrupda qabiliyyət tələb edən idman ixtisaslarına qəbul buraxılış imtahanı və qabiliyyət imtahanı nəticəsində aparılacaq. Onun sözlərinə görə, bu da qəbul imtahanlarında iştirak edən uşaqların daha da ciddi hazırlaşmalarına əlavə imkan yaradacaq: “Uzun illərdir gileylənirik ki, qabiliyyət tələb edən ixtisaslara gedən şagirdlərin göstəriciləri aşağı olur. Bu göstərici 100-200 arasında dəyişir. Son 20 ildə III qrupda yaradıcılıq tələb edən ixtisaslarda (aktyorluq, musiqi, rəssamlıq, rejissorluq) 5 fənndən yaxşı nəticə göstərən uşaqlar az olub. Onlar yaxşı hazırlaşmırlar, bəlkə də onlar üçün çətindir. Amma indi onlara imkan verilir ki, 3 fənndən – Ana dili, Riyaziyyat və Xarici dildən hazırlaşaraq ali məktəbə qəbul ola bilsinlər. Lakin burada bir məsələ var. Əgər onlar buraxılış imtahanında “2” alsalar da attestat alacaq, amma onların balları qabiliyyət imtahanında iştirak etməyə imkan verməyəcək. Buraxılış imtahanında hər bir fənn üzrə 10 bal məhdudiyyəti qoyulur. Onlar hər bir fənn üzrə 30 sualdan ən azı 8-nə cavab verdikləri halda, qabiliyyət imtahanda iştirak edə biləcəklər”.

 

Əvvəlki illərin məzunlarına gəlincə, TQDK sədri qeyd edib ki, onlar yalnız texnikumlara qəbul olmaq istəyirlərsə, ərizə verərkən bunu sənədlərində qeyd edirlər. Onun sözlərinə görə, bununla da onlar eksternat buraxılış imtahanlarında iştirak edəcəklər: “Əgər onlar qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyirlərsə, yenə də eksternat buraxılış imtahanlarda iştirak etməlidirlər. Əgər ali məktəblərin ümumi ixtisaslarının müsabiqəsində iştirak etmək istəyirlərsə, o zaman onlar qəbul imtahanlarında iştirak etməli olacaqlar”.

 

M. Abbaszadə vurğulayıb ki, bu qaydalar tam şəkildə 1 nömrəli “Abituriyent” jurnalında çap olunacaq. O qeyd edib ki, qaydalar ekspertlər tərəfindən bəyənilib və təsdiq olunub. Qaydaların hüquqi müstəvidə təsdiqi bu yaxınlarda gözlənilir.

 

Apa.az