Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın digər ölkələrindəkindən 2 dəfə çoxdur

Posted by

Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın digər ölkələrindəkindən 2 dəfə çoxdurAzərbaycanda 3000-dək insan mina və partlamamış hərbi sursatların qurbanı olub

Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın digər ölkələrindəkindən 2 dəfə çoxdur

Azərbaycanda mina qurbanlarının sayı digər Cənubi Qafqaz ölkələrindəkilərdən 2 dəfə çoxdur.

 

APA-nın məlumatına görə, bu barədə «Landmine Monitor Report 2014» hesabatının təqdimatında «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» (MƏAK) İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

 

H. Səfixanovun sözlərinə görə, son illər Azərbaycanın cəbhəyanı ərazilərində tədris olunan Mina Təhlükəsinə dair Maarifləndirmə proqramı sayəsində məktəblilər arasında mina və partlamamış hərbi sursat qurbanlarının sayı sıfra enib. Hazırda mina qurbanları əsasən kənd təsərrüfatı ilə məşğul olan orta və yaşlı insanlar, həmçinin hərbçilərdir.

 

H. Səfixanov qeyd edib ki, Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir. Hesabatda qeyd olunub ki, Azərbaycanda minaların təmizlənməsi əməliyyatları həyata keçirilir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları aparılır, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görülür, qonşu dövlətlərin müvafiq təşkilatlarının əməkdaşlarına treninqlər keçirilir. Bütün bunlar üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hər il artırılır.

 

Təşkilat rəhbəri qeyd edib ki, onların apardıqları tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir.

 

H. Səfixanov ötən ilin noyabr ayında MƏAK tərəfindən başladılmış «Mina və kasetli silah qurbanları şəbəkəsinin imkanlarının artırılması və onların minaların və kasetli silahların qadağan olunması konvensiyalarına cəlb olunması», həmçinin bir neçə ildir davam edən «Mina qurbanları üçün kiçik biznesin yaradılması» layihələrinin başa çatdığını da vurğulayıb.

 

 

Apa.az