Azərbaycanda müfəssəl plan olmadığı hallarda yaşayış evləri və binaların tikintisi qaydaları müəyyənləşib

Posted by

Azərbaycanda müfəssəl plan olmadığı hallarda yaşayış evləri və binaların tikintisi qaydaları müəyyənləşibAzərbaycanda müfəssəl plan olmadığı hallarda yaşayış evləri və binaların tikintisi qaydaları müəyyənləşib

Azərbaycanda müfəssəl plan olmadığı hallarda yaşayış evləri və binaların tikintisi qaydaları müəyyənləşib

Nazirlər Kabineti “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nı təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu Qaydalar tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatına aid edilən tikinti layihələrinə şamil olunur.

 

Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Layihələrin uyğunluğunun müəyyənləşdirilməsi zamanı müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), həmçinin müfəssəl planın hazırlanması zamanı nəzərdə tutulan tələblərə riayət olunur . Tikinti məqsədləri üçün ayrılan yeni ərazilər üzrə, habelə daşınmaz mədəni irs abidələri yerləşdirildiyi ərazilərdə şəhərsalma əsaslandırılmasının hazırlanmasına yol verilmir. Belə ərazilər üçün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müfəssəl planlar hazırlanır. Tikintiyə icazə icraatı ilə bağlı layihələr üzrə şəhərsalma əsaslandırılması proseduruna başlanılması üçün sifarişçi tikinti obyektinin Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən sənədləri, habelə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini yerli icra hakimiyyəti orqanına təqdim edir. Məlumatlandırma icraatı tətbiq edildiyi layihələr üzrə sifarişçi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, habelə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini yerli icra hakimiyyəti orqanına təqdim edir.

 

Müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda, layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda və tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda yol verilir. Şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri yerləşdirilməsi nəzərdə tutulan obyektin ətrafındakı ərazilər nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

 

Bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda, tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda, tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə, tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda, tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda yol verilmir.

 

Şəhərsalma əsaslandırılması barədə tikintiyə icazə icraatı üzrə maraqlı şəxslərə məlumatın verilməsi və onların dinlənilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Şəhərsalma əsaslandırılması işlənilərək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilir. Şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalır, bir nüsxə sifarişçiyə, bir nüsxə isə yerli icra hakimiyyəti orqanının memarlıq bölməsinə verilir və bir nüsxəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunur.

 

Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin tələblərə uyğunluğu yerli icra hakimiyyəti orqanı tərəfindən bu Qaydalarda nəzərdə tutulan şərtlərin birgə mövcudluğu ilə müəyyənləşdirilir. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatı şamil olunan tikinti obyektlərinə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri daxildir. Bu yaşayış evlərinin tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur və barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Yaşayış evlərinin layihələrinin Məcəllədə yol verilən mərtəbələrinin say həddi daxilində məhdudlaşdırılmasına (mərtəbələrin sayının azaldılması və ya artırılması tələbi) yol verilmir.

 

Apa.az