Azərbaycanda korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahələrində rast gəlinib
Azərbaycanda korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 2013-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2013-cü il ərzində İdarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi, əmlak məsələləri üzrə 2 şəxs barəsində 1 cinayət işi, yerli icra hakimiyyəti orqanlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Nəqliyyat Nazirliyinin 5 əməkdaşı barəsində 2 cinayət işi, “Azərenerji” ASC-nin 5 əməkdaşı barəsində 5 cinayət işi, bank və bank fəaliyyəti ilə məşğul olan qurumların 38 əməkdaşı barəsində 10 cinayət işi, təbiəti mühafizə sahəsində 6 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 3 əməkdaşı barəsində 2 cinayət işi, ticarətlə məşğul olan 18 şəxs barəsində 17 cinayət işi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 əməkdaşı barəsində 2 cinayət işi, iqtisadi fəaliyyətlə məşğul olan 10 şəxs barəsində 7 cinayət işi, prokurorluq orqanlarının 1 əməkdaşı barəsində 1 cinayət işi, polis əməkdaşları barəsində 1 cinayət işi, Ədliyyə Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, Fövqəladə Hallar Nazirlyinin 6 əməkdaşı barəsində 4 cinayət işi və özəl sahədə fəaliyyət göstərən 93 vəzifəli şəxs barədə 39 cinayət işi açılıb.
Kamran Əliyev ölkədə sistemli şəkildə korrupsiya hallarına rast gəlindiyini də açıqlayıb: “Azərbaycanda sistemli korrupsiya halları müəyyən edilir, bununla bağlı cinayət işləri açılır və cinayəti törədən şəxslər qrup halında məhkəmələrə cəlb edilir”.