Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 2,5 dəfə artıb
Bu ilin aprel ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 24,971, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 812, sərnişinlərin fərdi qəza sığortası üzrə 92 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 767 497 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 58 320 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 54 781 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,46 dəfə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 16,5% artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87,43%-i yaşayış evləri və mənzillər, 0,16%-i inzibati binalar, 12,41%-i digər daşınmaz əmlakla bağlı olub.
Apa.az