Azərbaycanda bütün bakalavrlar magistraturanı jurnalistika ixtisassı üzrə oxuya biləcəklər
Bu ildən başlayaraq magistraturaya qəbulda ixtisasından asılı olmayaraq bütün bakalavrlara jurnalistika üzrə ixtisaslaşmaları seçmək imkanı vermək qərara alınıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində humanitar və sosial ixtisaslar qrupuna aid olan müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar jurnalistika üzrə 44 №-li proqramı da seçə bilərlər.
Bunun üçün bakalavrlar TQDK tərəfindən müəyyən edilən müddətdə internetdə müvafiq sorğu anketini dolduracaq, daha sonra TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.
Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları, habelə Azərbaycan Turizm İnstitutunun 22 nömrəli proqrama aid olan və Beynəlxalq layihə üzrə mütəxəssis hazırlığı aparılan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.
Trend.az