Azərbaycanda ali orden və medallar dəyişdirilib
Azərbaycan Milli Məclisi payız sessiyasının ilk iclasında bir sıra orden və medalların dəyişdirilməsini təsdiqləyib.
Trend-in məlumatına görə, dəyişiklik layihələrini Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov təqdim edib.
Beləliklə, “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, o cümlədən “İstiqlal”, “Şöhrət”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri tamamilə dəyişdirilir. Bununla bağlı müvafiq olaraq “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, o cümlədən “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” və “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər edilib. Layihələrə əsasən, ordenlərin və medalların bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyalar da yer alacaq. Layihələr ayrı-ayrı səsə qoyularaq qəbul olunub.