“Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” yaxın zamanda kütləvi tirajla çap olunacaq

Posted by

“Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” yaxın zamanda kütləvi tirajla çap olunacaq

Ümummilli lider Heydər Əliyevin göstərişi ilə hazırlanan 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nın təkmilləşdirilməsi istiqamətində iş gedir və bu yaxınlarda kütləvi tirajla çap olunacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov İstitutun Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunmuş xüsusi elmi sesiyasında çıxışı zaman deyib.

Y.Mahmudov qeyd edib ki, M.Ə.Rəsulzadə Azərbaycan xalqının istiqlal savaşında xüsusi rol oynayan, bundan sonra öyrəniləsi tarixi şəxsiyyətdir: “Bu baxımdan, biz Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamını alqışlayırıq. Bu istiqamətdə ölkəmizdə çox ciddi işlər görülür. Həmçinin yanvarın 31-də Azərbaycan dövlət nümayəndə heyəti Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət eidləcək”.

Y.Mahmudov vurğulayıb ki, ilk dəfə AMEA-nın Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən şöbə yaradılıb: “Bu, Cümhuriyyət dövrünün öyrənilməsinə çox böyük töhfədir. Bundan əlavə, arxivdə böyük işlər gedir. Dövlət bu məsələləri daim diqqət mərkəzində saxlayır. Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar Cümhuriyyət tarixinin çox səhifələri var və onlar dərindən araşdırılmalıdır”.

Y.Mahmudovun sözlərinə görə, Cümhuriyyət tarixinin öyrənilməsinə dair Almaniyadan, Dehlidən, Parisdən, Moskvadan, Sankt-Peterburqdan, Londondan, İstanbuldan, Ankaradan xeyli sənədlər gətirilib: “Bunlar da Cümhuriyyət tarixini öyrənmək üçün tarix qarşısında təzə səhifələr açır. Bir çox məsələlərə də yenidən baxmaq lazımdır. Təəssüf ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin şimal qonşuları ilə tarixi araşdırılmayıb. Bu dövlətin elan olunmasından sonrakı gündən ermənilər Moskvada birləşərək Cümhuriyyəti qan içində boğmaq üçün planlar hazırladı. Bu məsələlər lazımi səviyyədə araşdırılmayıb. Ukraynada bununla bağlı xeyli sənəd ehtiyatı var və hazırda orada bu istiqamətdə işləyirlər”.

 

Trend.az