Azərbaycan və Macarıstan əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər
Azərbaycan və Macarıstan hökumətləri birgə hüquq-müqavilə bazasına yeni sənədlər əlavə etməyi planlaşdırırlar.
Yanvarın 27-28-də Bakıda baş tutacaq iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının IV iclası çərçivəsində İKT, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq haqqında sənədlərin imzalanması planlaşdırılır. Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.
Onun sözlərinə görə, komissiyanın iclasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üzrə konkret layihə və təkliflər müzakirə ediləcək: “İclasda iştirak etmək üçün Macarıstanın dövlət katibi, birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək”.
İclas çərçivəsində ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq, eləcə də Macarıstan iqtisadiyyatına investisiya yatırılması imkanları təqdim ediləcək.
Bakıda keçiriləcək iclas zamanı, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum baş tutacaq.
Azərbaycan tərəfindən komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.
Macarıstan dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırır.
Səfir iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsini ümumilikdə qənaətbəxş adlandırıb: “Ötən il əmtəə dövriyyəsinin həcmini 2012-ci illə müqayisədə 30 faiz artırmağa nail olduq. Bizdə olan məlumata görə, ötən il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 60 milyon avroya çatıb, daha 20 milyon avro isə xidmət sektoru hesabına təmin edilib”.
J.Çultora qeyd edib ki, 2013-cü ilin iyununda Bakı və Budapeşt arasında birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında əməkdaşlığın inkişafında önəmli məqam oldu: “Macarıstanın “Wizz Air” aviaşirkəti artıq yarım ildir ki, uçuşlar həyata keçirir və bu dövr ərzində sərnişin axını 14 mindən artıq nəfər təşkil edib. Şirkət bu il sərnişin axınının 26 min nəfərədək artmasını gözləyir. Şirkət, həmçinin həftədə reyslərin sayını 3 dəfə artırmağı planlaşdırır. Bütün bu məsələlər hazırda şirkətin nümayəndə heyəti tərəfindən müzakirə edilir. Nümayəndə heyətinə şirkətin baş direktoru Yozef Varadi başçılıq edir. “Azərbaycan Hava Yolları” QSC və “Silk Way” aviaşirkətinin nümayəndələri ilə danışıqlar aparılır. Bu məsələ hökumətlərarası komissiyanın müzakirə mövzusu olacaq”.
İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.