Azərbaycan Prezidenti İlham Əliyev Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni qonağa təqdim etdi.
Nazir xanım Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTac.az