Azərbaycan prezidenti Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri İrfan Siddiqin etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, fəxri qarovul dəstəsinin qarşısından keçən səfir İrfan Siddiq etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişaf etdiyini deyib. Londona səfərlərini və baş nazir Devid Kemeron ilə ötənilki görüşünü məmnunluqla xatırlayan prezident İlham Əliyev Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olmasının önəmini qeyd edib. Böyük Britaniyanın ölkəmizə sərmayə qoyan əsas investorlarından biri olduğunu vurğulayan dövlət başçısı Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Səfir İrfan Siddiq sürətlə inkişaf edən ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.