Azərbaycan dəniz təhlükəsizliyinə təhdid doğuran xarici və daxili faktorları müəyyənləşdirib
Azərbaycan dəniz təhlükəsizliyi mühiti üçün təhdid doğuran xarici və daxili faktorları müəyyənləşdirib.
APA-nın məlumatına görə, sentyabrın 11-də təsdiq edilmiş Dəniz təhlükəsizliyi Strategiyasında Azərbaycanın dəniz təhlükəsizliyi üçün 9 xarici və 8 daxili təhdid ehtimalı əksini tapıb.
Əsas xarici təhdidlər olaraq, Xəzəryanı dövlətlərin hərbi-dəniz imkanlarının artması, qüvvələr və döyüş imkanları balansının Azərbaycanın xeyrinə olmayan şəkildə dəyişməsi, Azərbaycanın daxili işlərinə xaricdən istənilən potensial müdaxilə, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında təbii sərvətlərdən qeyri-qanuni istifadə, müxtəlif ölkələrin hərbi-siyasi ambisiyaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması, terrorçu təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti, qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması qeyd olunub.
Azərbaycana qarşı dənizdə ərazi iddiaları, dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları və onların genişlənməsinin mümkünlüyü, Azərbaycanın dəniz sərhəd rejiminin pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi kimi son zamanlar artmaqda olan təhdidlər əsas xarici təhdidlər kimi qəbul edilib.
Əsas daxili təhdidlərə isə terrorçu qrupların niyyətləri kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması, terror təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti, dənizdə qeyri-qanuni daşımalar, qaçaqmalçılıq və insan alveri, qeyri-qanuni balıq ovu və sərvətlərdən qeyri-qanuni istifadə, dəniz mühitinin qurudan, nəqliyyat vasitələrindən və dənizdə quraşdırılmış qurğulardan çirkləndirilməsi, fəlakətlər nəticəsində yaranan təhdidlər (təbii, sənaye, ətraf mühitlə bağlı), təbii fəlakətlər (zəlzələ və başqa seysmik hadisələr, tufanlar və ya digər meteoroloji təhlükələr), texnogen qəzalar (sərnişin və ya ticarət gəmiçiliyi sahəsində bədbəxt hadisə və fəlakətlər, sənaye tipli fəlakətlər) göstərilib.
Artan təhdidlər fonunda dəniz təhlükəsizliyinin təmin edilməsi üçün Strategiyada ərazi bütövlüyünün qorunması, terrorçuluqla mübarizə, dənizdə hərbi balansın saxlanılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi, enerji infrastrukturunun mühafizəsi, dənizdə dövlət sərhədinin mühafizəsi və sərhəd nəzarətinin həyata keçirilməsi, limanların infrastrukturunun mühafizəsi, minalar əleyhinə müdafiə fəaliyyətinin həyata keçirilməsi, dənizdə hüquq-mühafizə, axtarış və xilasetmə fəaliyyəti, dənizdə suüstü və sualtı müşahidənin aparılması və s. kimi məsələlər əksini tapıb.
Sənəddə qeyd olunub ki, Dəniz Təhlükəsizliyi Strategiyası Azərbaycanın dənizdə təhdidlərin bütün spektrinə qarşı Xəzəryanı dövlətlərlə birgə və razılaşdırılmış fəaliyyət göstərməyə hazır olduğunu bildirir. Rəsmi Bakı Xəzər dənizinin hüquqi statusunun beynəlxalq hüquq normalarına, beynəlxalq dəniz hüququ normalarına və prinsiplərinə riayət etməklə və bütün Xəzəryanı dövlətlərin maraqlarına və mövqelərinə hörmətlə yanaşmaqla təyin edilməsinin tərəfdarı olduğunu bəyan edir.