Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılıb
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov sentyabrın 11-də MDB Müşahidə Missiyasının üzvləri qismində MDB İcraiyyə Komitəsinin sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının Fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Slobada ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında N. Hüseynov xaricdə yaşayan Azərbaycan vətəndaşlarının oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verərək bildirib ki, Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılıb.
Müşahidə missiyasının üzvü Vladimir Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir.
V. Qarkun missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.