Azərbaycan alimləri neftlə çirklənmiş torpaqların təbii yolla təmizlənməsi metodunu hazırlayıblar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsilə təmizlənməsi metodunu işləyib hazırlayıblar.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır metal zərrəciklərini və radionuklidləri toplaya bilir. Bu istiqamətdə tədqiqatlar Botanika, Radiasiya Problemləri və Mikrobiologiya institutları tərəfindən “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənib hazırlanması” adlı layihə çərçivəsində həyata keçirilir.
Üçillik layihə Ukrayna Elm və Texnologiya Mərkəzinin 183 min avroluq qrant dəstəyi ilə icra olunur və bu il başa çatır. Layihənin rəhbəri, Botanika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov qeyd edib ki, tədqiqatlarda məqsəd bu tip torpaqların əkin sahələri və çəmənliklər üçün yararlı hala gətirilməsidir.